AZ

Dünyada terroru maliyyələşdirənlərdən biri elə ABŞ özü imiş ki...Mask ifşa edir...

Image

Rauf Zeyni: “ABŞ rəhbərliyi də bu istiqamətdə ciddi addımlar atmalıdır”

Dünyada terror təşkilatlarını maliyyələşdirən ölkələr haqda məlumatların olduğunu bilirik. Vaxtilə terroru maliyyələşdirən ölkə kimi Suriyanın, terrora dəstək verən prezident kimi Bəşər Əsədin adı hallanırdı. Eyni zamanda İranın, Sudanın, Şimali Koreyanın, Kubanın da bu işdə adları çəkilirdi. 

Amma demə ki, dünyada terrorçuların, terror təşkilatlarının maliyyələşdirilməsinin bir hissəsini ABŞ həyata keçirirmiş. Yəni ABŞ da terror cinayətlərini maliyyələşdirmə çirkabına batıbmış. 

İlon Mask ABŞ-ın da terror təşkilatlarını maliyyələşdirməsi faktını açıb-töküb, bu ölkənin əməllərini ifşa edib. Yayılan məlumata görə,  İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) müəyyən edib ki, ABŞ Maliyyə Nazirliyi fırıldaqçı və terrorçu təşkilatlara ödənişlər edib. Mask bunu "X" səhifəsində açıqlayıb.

"DOGE komandası digər məsələlərlə yanaşı aşkar edib ki, ABŞ Xəzinədarlıq Departamentində ödənişlərin təsdiqlənməsinə cavabdeh olan məmurlara, hətta qarşı tərəf məlum fırıldaqçı və terror qrupları olsa belə, həmişə ödənişləri təsdiqləmək tapşırılıb. Onlar bütün karyeraları boyu sözün əsl mənasında heç vaxt ödənişdən imtina etməyiblər", - Mask qeyd edib.

İ.Mask bu faktı ortaya qoyub, terror təşkilatlarının məhz ABŞ-dan  maliyyələşməsini ifaş edib. Amma ABŞ tərəfindən terror təşkilatlarına nə qədər maliyyə köçürüldüyü barədə məlumat verilmir. Bu bütün hallarda demokratiyadan, korrupsiyaya qarşı mübarizədən, şəffaflıqdan danışan ABŞ üçün mənfi göstəriciidir. 

“Baş verən bu hallar ciddi şəkildə araşdırılmalıdır və lazımı qiymət verilməlidir”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində “Təəssüflər olsun ki, dünyanın güc mərkəzləri, o cümlədən də böyük dövlətlər terrorçuluğu dəstəkləməklə, birbaşa olmasa da, dolayı yollarla terror təşkilatlarını maliyyələşdirməklə məşğul olub. Vaxtilə Nelson Mandelanın bir sözü vardı: “Adi nəzərlə baxanda da ABŞ-ın dünya üçün təhdid və təhlükə olduğunu görmək mümkündür. Mən unutmağı bacarmıram, ancaq bağışlamağı bacarıram”. Bu baxımdan da, dünyada ədaləti, demokratiyanı, insan hüquqlarını, demokratik, milli-mənəvi, bəşəri dəyərləri dəstəkləməyə borclu olan dövlətlər və bəzi güc mərkəzləri dediyimiz məsələləri dəstəkləmək, maliyyələşdirmək əvəzinə görüsən ki, terrorçuluğu, irqi, milli, dini ayrı-seçkiliyi, eləcə də digər mənfi halları stimullaşdıran mərkəzlərə, təşkilatlara dəstık verməklə məşğul olurlar. Bu da yolverilməzdir, qəbuledilməzdir. Ona görə də istər ABŞ, istərsə də dünyanın digər dövlətləri və güc mərkəzləri olsun, bu cür neqativ halları dəstəkləməsi, maliyyələşdirməsi qəbuledilməz bir haldır”-deyə bildirdi. 

R.Zeyninin sözlərinə görə, dünyada gedən müharibələrin, münaqişələrin, qarşıdurmaların, müxtəlif hərbi birləşmələrin, o cümlədən terror qruplarının dünyanın bu cür aparıcı super dövlətləri tərəfindən maliyyələşdirilməsi o müharibələri stimullaşdırır. “Bu kimi hallar mövcud vəziyyətin yaranmasına gətirib çıxarır. Ona görə də, fikrimcə, bəşəriyyət, dünya ölkələri, beynəlxalq təşkilatlar, bütövlükdə insanlar bu haqda düşünməlidir. Söhbət bəşəriyyətin xilas edilməsindən, müharibələrin dayandırılımasından, münaqişələrə son qoyulmasından gedir. Eyni zamanda bəzi dövlətlər də terror təşkilatlarını, terrorçuları maliyyələşdirməni dayandırmalıdır.  Bu cür məsələlər beynəlxalq tribunalarda ciddi müzakirə olunmalıdır”. 

R.Zeyni qeyd etdi ki, terror qruplaşmalarını maliyyəşdirən ölkələr arasında ABŞ-ın olması da təəssüf doğurur. “Belə düşünürəm ki, ABŞ rəhbərliyi də bu istiqamətdə ciddi addımlar atmalıdır. Baş verən bu hallar ciddi şəkildə araşdırılmalı və lazımı qiymət verilməlidir, terroru maliyyələşdirən digər dövlətlər də buna baxıb nəticə çıxarmalıdır”-deyə R.Zeynu əlavə edib.

İradə SARIYEVA





Seçilən
16
baki-xeber.com

1Mənbələr