AZ

Trampın yeni təhdidi: Sırada Avropa İttifaqı və Birləşmiş Krallıq var, lakin...

"Avropa İttifaqı ("Aİ") və Birləşmiş Krallıqdan idxal olunan mallara rüsumlar tətbiq ediləcək, lakin Böyük Britaniya ilə ticarət sazişinin əldə olunması ehtimalı var."

Valyuta.Az "CNBC"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.  

Tramp ABŞ-nin əsas ticarət tərəfdaşlarına idxal rüsumları tətbiq edəcəyi ilə bağlı xəbərdarlığını reallaşdırdıqdan sonra qlobal bazarlarda qeyri-sabitlik yaradıb. O, Meksika və Kanadadan idxal olunan mallara 25%, Çindən gətirilən məhsullara isə 10% rüsum tətbiq edib. Yeni tariflər çərşənbə axşamı qüvvəyə minəcək.  

Bu qərara hər üç ölkə sərt reaksiya verib. Kanada ABŞ mallarına qarşı cavab tədbirləri görəcəyini elan edib, Meksika isə eyni addımı atmaqla hədələyib. Çin isə Ümumdünya Ticarət Təşkilatına ("ÜTT") şikayət edəcəyini bildirib.  

Aİ və Birləşmiş Krallıq mallarına tariflər tətbiq ediləcəkmi?  

"BBC"yə açıqlaması zamanı Aİ və BK mallarına rüsumların tətbiq olunub-olunmayacağı barədə suala hər iki tərəfin "qaydalara əməl etmədiyini", lakin Aİ-nin daha pis davrandığını bildirib və bu blokun yaxın zamanda rüsumlarla üzləşə biləcəyini vurğulayıb.  

"Onlar bizim avtomobillərimizi almırlar, kənd təsərrüfatı məhsullarımızı qəbul etmirlər, demək olar ki, heç nə almırlar. Amma biz onlardan hər şeyi alırıq – milyonlarla avtomobil, külli miqdarda ərzaq və kənd təsərrüfatı məhsulları," – Tramp bildirib.

Bununla belə, Tramp Birləşmiş Krallıqla bağlı daha mülayim mövqe sərgiləyib və iki ölkə arasında razılaşmanın mümkün olduğunu qeyd edib: "Böyük Britaniya da qaydalara tam əməl etmir. Amma mən əminəm ki, bu məsələ həll edilə bilər," – o bildirib və Birləşmiş Krallığın naziri Kir Starmer ilə "çox yaxşı münasibət" qurduğunu əlavə edib.  

Ticarət balansı  

Tramp uzun müddətdir ki, ABŞ-nin iri ticarət tərəfdaşlarını ölkəni istismar etməkdə günahlandırır və ABŞ-nin böyük ticarət kəsirlərini əsas gətirir. O hesab edir ki, tariflər ticarət balansını bərpa edəcək və ABŞ iqtisadiyyatını gücləndirəcək. Lakin tənqidçilər bildirirlər ki, bu rüsumlar ABŞ istehlakçılarına da zərər vuracaq, çünki qiymətlər yüksələcək.  

"Aİ" Trampın növbəti hədəfi kimi görünür, çünki ABŞ ilə ən böyük ticarət dövriyyəsinə malik olan bloka daxildir. Avropa Komissiyasının məlumatına görə, 2023-cü ildə "Aİ" ABŞ ilə 155,8 milyard avro (159,6 milyard dollar) ticarət profisiti əldə edib, lakin xidmətlər sahəsində 104 milyard avro kəsirlə üzləşib.  

"Aİ"nin ABŞ-yə əsas ixrac məhsulları maşın və nəqliyyat vasitələri, kimyəvi maddələr, sənaye malları, eləcə də tibbi və əczaçılıq məhsullarıdır.  

Tramp bazar günü ABŞ-nin "Aİ" ilə ticarət kəsirini "faciə" adlandırıb və "Aİ"nin ABŞ-dən "istifadə etdiyini" bir daha təkrarlayıb.  

"Onlar bizdən çox faydalanıblar. Bizim 300 milyard dollardan çox ticarət kəsirimiz var. Tariflər üçün konkret tarix demək çətindir, amma bu, çox yaxında baş verəcək," – o bildirib.  

Avropa Komissiyası isə ABŞ-nin tarif tədbirlərinə "sərt cavab veriləcəyini" bəyan edib: "Ümumi tarif tədbirləri biznes xərclərini artırır, işçilərə və istehlakçılara zərər vurur. Tariflər lazımsız iqtisadi pozuntulara və inflyasiyaya səbəb olur," – Avropa Komissiyasının sözçüsü bildirib.  

"Hazırda Aİ mallarına əlavə tariflərin tətbiq edildiyi barədə hər hansı məlumat yoxdur. ABŞ ilə ticarət və investisiya əlaqələrimiz dünyada ən böyüyüdür. Burada çox şey təhlükə altındadır və biz bu əlaqəni gücləndirməyə çalışmalıyıq," – komissiya rəsmisi əlavə edib.  

Böyük Britaniya tariflərdən yayınacaqmı?  

Vaşinqtonun Böyük Britaniyaya qarşı daha yumşaq mövqeyi iki ölkə arasındakı daha balanslı ticarət əlaqələri ilə izah edilir.  

ABŞ hökumətinin məlumatına görə, 2022-ci ildə ABŞ Böyük Britaniya ilə ticarətdə profisit əldə edib, lakin 2023-cü ildə vəziyyət Birləşmiş Krallığın xeyrinə dəyişib. Birləşmiş Krallığın Milli Statistika İdarəsinin məlumatına əsasən, 2024-cü ilin II rübündə bitən dörd rüblük dövr ərzində Böyük Britaniya ABŞ ilə 4,5 milyard funt sterlinq (5,5 milyard dollar) həcmində ticarət profisiti əldə edib.  

İqtisadçılar bildirirlər ki, ABŞ ilə daha balanslı ticarət əlaqələri və iki ölkə arasındakı "xüsusi münasibətlər" Böyük Britaniyanın mümkün ticarət müharibəsindən nisbətən zərərsiz çıxmasına imkan verə bilər.  

Britaniyanın Leyborist hökuməti Trampın tarif siyasətindən yayınmağa çalışır. Maliyyə naziri Reyçel Rivz ötən ay Davosda "CNBC"yə bildirib ki, Böyük Britaniya Trampın hədəf aldığı "davamlı ticarət kəsiri probleminin bir hissəsi deyil".  

Bazar ertəsi günü Britaniya hökumətinin sözçüsü "Reuters"ə açıqlamasında deyib: "Bizim ədalətli və balanslı ticarət münasibətimiz var ki, bu da Atlantikanın hər iki tərəfi üçün faydalıdır."  

Trampın tarif təhdidi bazar ertəsi Kir Starmerin Brüsseldə "Aİ" liderləri ilə müdafiə strategiyası mövzusunda aparacağı müzakirələrin əsas mövzularından biri olacaq. Birləşmiş Krallıq və "Aİ" iqtisadi və siyasi əlaqələrini dərinləşdirməyə çalışdığı bir vaxtda mümkün ticarət müharibəsi əsas müzakirə mövzusu ola bilər.  

Tarif təhdidi "Aİ" üçün çətin dövrə təsadüf edir. Son məlumatlara görə, avrozonanın iqtisadiyyatı IV rübdə sabit qalıb, "Aİ" isə cüzi – 0,1% böyümə nümayiş etdirib.  

"Deutsche Bank" strateqləri bildirirlər ki, əgər Tramp "Aİ"yə 10% tarif tətbiq etsə, bu, bölgə iqtisadiyyatına ciddi zərbə vuracaq və "ÜDM"i 0,5-0,9% azalda bilər.  

Rəhim

Seçilən
31
valyuta.az

1Mənbələr