AZ

Yüzlərlə texnologiya şirkəti İsrail məktəbləri üçün mütəxəssis hazırlayacaq

İsrailin Təhsil Nazirliyi "Google", "Microsoft" və "Apple" şirkətləri ilə əməkdaşlıq çərçivəsində ölkənin məktəb təhsil sistemində islahat aparmağı və süni intellekt (Sİ) texnologiyalarını geniş şəkildə tədris prosesinə daxil etməyi planlaşdırır. 

Valyuta.Az xəbər verir ki, bu barədə İsrailin təhsil naziri Yoav Kiş (Yoav Kisch) açıqlama verib.  

"Bu gün biz misli görünməmiş qlobal təşəbbüsə start veririk və İsrailin təhsil sistemini dünyanın aparıcı texnologiya şirkətləri ilə birləşdirərək müəllimləri və şagirdləri süni intellektdən istifadə etməyə öyrədəcəyik", – deyə nazir "The Jerusalem Post" qəzetinə bildirib.  

Nəşrin məlumatına görə, süni intellektin təhsil sisteminə inteqrasiyasına dair milli plan çərçivəsində 4-12-ci sinif şagirdləri İsrailin təhsil standartlarına uyğunlaşdırılmış "Google Gemini" adlı çat-botdan, süni intellektdən məsuliyyətli istifadə bacarıqlarını aşılayan "Q" adlı tədris botundan və digər proqramlardan yararlana biləcəklər. Kiçik yaşlı şagirdlər üçün isə məşhur onlayn oyun olan "Minecraft" əsasında qurulmuş kompüter interfeysi tədris prosesinə daxil ediləcək.  

Qəzetin məlumatına əsasən, İsrail Təhsil Nazirliyi yeni tədris proqramlarını təsdiqləməyi və mövcud proqramları süni intellektin müxtəlif fənlərin tədrisinə inteqrasiyası nəzərə alınmaqla yenidən uyğunlaşdırmağı planlaşdırır. "Google" və "Apple" ilə birlikdə təxminən 400 aparıcı texnologiya şirkəti süni intellektin İsrail məktəblərində tədris prosesinə inteqrasiyasını idarə edəcək 3 min mütəxəssis hazırlayacaq. Təhsil sisteminin islahatı üzrə əsas tədbirlərin 2025-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.  

Rəhim

Seçilən
14
valyuta.az

1Mənbələr