Ukraynalı deputatlar Ruben Vardanyanın Qarabağda Kremlin əlaltısı rolunu xatırlayaraq, onun işində ədalətə çağırırlar. Bir qrup deputat Vardanyanın məhkəmə prosesinin beynəlxalq mahiyyətindən danışıb.
Qeyd edək ki, 2022-ci ildə Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiya siyahısına daxil edilib. Artıq 2023-cü ildə USQ onu “Rus-faşist işğalçılarının və terrorçularının ortağı” təsviri ilə “Sülhməramlı” məlumat bazasına əlavə edib. 2024-cü ildə 18 ukraynalı deputat Vardanyanın namizədliyinin Nobel Sülh Mükafatına namizədlər siyahısından çıxarılmasını tələb edən kollektiv məktub imzalayıb.
Bu il rusiyayönlü separatçı Vardanyana qarşı məhkəmə prosesinin başlanması Ali Rada deputatlarının diqqətini bir daha cəlb edib və onlar sosial şəbəkələrdə çıxış edərək onun fəaliyyətinin beynəlxalq xarakterinə diqqət yetirməyə çağırıblar. “Xalqın qulluqçusu” partiyasının deputatı Nikolay Qaluşko “Facebook” səhifəsində yazıb: “Hazırda Bakıda Qarabağ separatçılarının liderlərinin məhkəməsi gedir. Onlardan biri rus marioneti və Putinin pul kisəsi – Ruben Vardanyandır. Bu adam Ukraynanın ikiqat düşmənidir”.
Qaluşkonun həmkarı Yuri Kamelçuk şəxsi TikTok və YouTube hesablarında paylaşdığı videolarda deyir: “Sadəcə olaraq bu personajın brendinə yer yoxdur. Əgər o, Azərbaycanda həbsdə olmasaydı, o, Ukrayna və ya Litvaya təhvil verilməli idi. “Sülhməramlı” saytında tam olaraq belə yazılmışdır: “dərhal saxlanılıb Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”.
Onun sözlərini Aleksandr Fedienko da dəstəkləyib və Vardanyanın Azərbaycanın “yerli problemi” olmadığını və onun Bakıda mühakimə olunmasının “beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini” bildirib. “Putinlə yaxınlığı ilə tanınan bu fiqur Rusiyanın təcavüzünə maliyyə dəstəyinin simvoluna çevrilib. 2019-cu ildən onun adı ABŞ, Aİ və Ukraynada istintaq və sanksiya siyahılarında yer alıb”.
Öz növbəsində, “Xalqın qulluqçusu” partiyasının digər deputatı İqor Krivoşeyev xatırladıb: “Vardanyana qarşı OCCRP araşdırması aparılıb və ABŞ, Aİ və Ukraynada sanksiya siyahılarının layihələri hazırlanıb. “Navalnının fondu” onu 2000-ci ilə qədər 50 milyon rüşvət almaqda ittiham edib….”.
Son bir həftə ərzində Ali Radanın 13 deputatı Vardanyan ətrafında yaranmış vəziyyətlə bağlı bu və ya digər şəkildə öz fikirlərini bildirib. İlk dəfə deyil ki, müxtəlif ölkələrin parlamentariləri erməni kökənli separatçıya belə “diqqət” göstərirlər. 2024-cü ildə Rusiyanın təbliğat nəşrləri Sputnik və RBC Vardanyanın Nobel Sülh Mükafatına namizəd olduğunu elan edəndə 4 ölkədən (Ukrayna, Rumıniya, Litva və Latviya) 123 parlamentari onun namizədliyinin əleyhinə çıxış etmişdi.
“The Washington Times” yazır ki, Vardanyan Putinin şəxsi maraqları istiqamətində aktiv fəaliyyəti ilə yanaşı, həm də Rusiya tərəfindən üç ildir ki, mülki insanları bombalamaq üçün pilotsuz təyyarələrdən istifadə edilən İran ayətullahlarının cinayətkar rejimi ilə bağlıdır.
//Samir Qurbanov, Editor.az