AZ

Luka Elsner “Reyms”dən qovuldu

Sloveniyalı futbol mütəxəssisi Luka Elsner Fransanın “Reyms” komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

42 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb. İstefaya komandanın Liqa 1-in son turlarındakı uğursuz nəticələri səbəb olub. Belə ki, “Reyms” son 9 çempionat matçında qələbə qazana bilməyib. Komanda bu görüşlərdə 4 məğlubiyyətə üzülüb, 5 heç-heçə edib.

Luka Elsner 2024-cü ilin iyul ayında “Reyms”ə baş məşqçi təyin edilmişdi. Həmin vaxt o, klubla 2 illik müqaviləyə imza atmışdı. Elsner bu komandanı bütövlükdə 22 oyuna çıxarıb. Sloveniyalı mütəxəssisin kollektivi bu görüşlərdə 7 qələbə qazanıb, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Top fərqi isə belədir – 33:32.

Luka Elsner daha öncə “Domjale”, “Olimpiya” (Lyublyana), “Pafos”, “Yunion”, “Amyen”, “Kortreyk”, “Standard” (Lyej), “Havr” kimi klublarda da baş məşqçi kimi çalışıb.

“Reyms” sol cinah müdafiəçisi Tibo De Smetlə də yollarını ayırıb. Belçikadan olan 26 yaşlı futbolçu icarə müqaviləsi əsasında “Paris”ə keçib. Sözügedən klub müdafiəçini bu mövsümün sonunadək satınalma şərti ilə heyətinə qatıb.

Tibo De Smet Belçikanın “Gent” klubunun yetirməsidir. “Sent Trüden”də də oynamış müdafiəçi 2020-ci ildən “Reyms”də çıxış edirdi. O, Liqa 1 təmsilçisnin heyətində meydana çıxdığı 67 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Reyms” De Smeti daha öncə “Birşot” klubuna da icarəyə verib.

Tibo De Smet Belçikanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb.

Seçilən
21
arena.az

1Mənbələr