AZ

Gizli toplantı: Mark Zukerberq Donald Trampa təslim olduğunu etiraf etdi

"Meta" şirkətinin baş direktoru Mark Zukerberq nəhayət son dəyişikliklərlə bağlı işçilərinin narahatlıqlarına cavab verib. Cümə axşamı keçirilən toplantıda bir sıra məsələlərə toxunan Zukerberq xüsusilə şirkətin fakt yoxlama siyasətinin və müxtəliflik proqramlarının ləğvi mövzusuna aydınlıq gətirib. O, hər iki addımın Tramp administrasiyasının diqqətini cəlb etmək üçün atıldığını açıq şəkildə bildirib.

Valyuta.az xəbər verir ki, "The New York Times" qəzetinə sızdırılan toplantı məlumatlarına görə Zukerberq belə deyib: 

"Açıq danışmaq istəyirəm, son bir neçə ildən sonra artıq ABŞ hökuməti ilə məhsuldar əməkdaşlıq qurmaq fürsətimiz var və biz bunu dəyərləndirəcəyik".

Zukerberq müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) təşəbbüslərinin dayandırılmasının da Tramp administrasiyasının baxışları ilə əlaqəli olduğunu aşağıdakı sözlərlə təsdiqləyib:

"Hazırda hüquqa zidd hesab edilən, hər hansı bir insan qrupuna üstünlük verə biləcək siyasətlərin sürətlə dəyişdiyi bir tənzimləmə mühiti ilə üz-üzəyik. Buna görə də biz və digər bütün qurumlar bu vəziyyətə uyğunlaşmaq məcburiyyətində qalacağıq".

ABŞ-da "Apple", "Costco" və digər iri şirkətlər Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq müxtəliflik proqramlarını davam etdirir. Digər bir media qurumu olan "404 Media toplantının səs yazılarını əldə etdiyini və Zukerberqin media sızıntıları səbəbindən bəzi mövzulardan danışa bilməməkdən şikayətləndiyini bildirib.

"Meta" toplantıdan sonra bütün işçilərə xəbərdarlıq edərək mediaya informasiya ötürənlərin işdən qovulacağını açıqlayan daxili bir yazı göndərib. Zukerberq toplantıda sızıntılara toxunaraq belə deyib: "Söylədiyim hər şey sızdırılır və bu, dəhşətli deyilmi?"

Toplantıda Zukerberq "TikTok"un yaxınlaşan qadağasına da münasibət bildirib. O, "TikTok"un "Meta"nın ən böyük rəqiblərindən biri olduğunu, lakin bu məsələnin şirkətin nəzarətində olmadığını vurğulayıb.

Bununla yanaşı, Zukerberq Çin mənşəli süni intellekt tətbiqi "DeepSeek" haqqında da danışıb. Bu həftə "DeepSeek" ABŞ-dakı süni intellekt modellərindən daha ucuz başa gələn bir modelini təqdim edib. Zukerberqin fikrincə, "DeepSeek"in süni intellekt modelini açıq və pulsuz təqdim etməsi "Meta"nın öz modeli "Llama" ilə eyni strategiyanı izlədiyi üçün şirkətə fayda gətirə bilər.

"Meta"nın süni intellekt modelinin ödənişsiz olması, lakin "DeepSeek"dən qat-qat çox maliyyə imkanlarına sahib olması səbəbindən Zukerberq düşünür ki, Çin şirkəti "Nvidia" və "OpenAI" kimi qurumların üzləşdiyi problemləri yaşamayacaq.

Paşa Məmmədli

Seçilən
14
valyuta.az

1Mənbələr