Almaniyanın “Bayern” klubunun təcrübəli qapıçısı Manuel Noyer Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni müqavilə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. 38 yaşlı qolkiperin əvvəlki sözləşməsinin müddəti bu ilin yayında başa çatırdı.
Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 26 oyuna çıxıb, 23 qol buraxıb, 14 oyunda qapısının toxunulmazlığını təmin edib.
Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 547 oyun, 450 buraxılmış qol və 258 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 11 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olub.
Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
Adam Aznu və Antonio Kandela “Valyadolid”də
“Bayern” sol cinah müdafiəçisi Adam Aznunu da “Valyadolid”ə icarəyə verib. İspaniyada dünyaya göz açsa da, Mərakeş yığmasının üzvü olan 18 yaşlı futbolçu cari mövsümün sonunadək La Liqa təmsilçisində çıxış edəcək. Onun “Bayern”lə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.
Adam Aznu “Bayern”ə “Bayern”ə 2022-ci ildə yetirməsi olduğu “Barselona”dan keçib. Müdafiəçi Münhen klubunun əsas komandasında 3 oyun keçirib. Mərakeşin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçu 2024-cü ilin sentyabrında debüt etdiyi əsas millidə 3 oyuna çıxıb.
Yeri gəlmişkən, “Valyadolid” İtaliyanın “Venesiya” klubunun sağ cinah müdafiəçisi Antonio Kandelanı da heyətinə qatıb. La Liqa təmsilçisi 24 yaşlı italiyalı futbolçunu da bu mövsümün sonunadək icarəyə götürüb.
Antonio Kandela “Spetsiya”nın yetirməsidir. “Cenoa”, “Trapani”, “Olbia”, “Perqoletteze”, “Çezena” kimi klublarda da oynamış futbolçu 2022-ci ildən “Venesiya”dadır. O, sözügedən klubun əsas komandasında 86 oyuna çıxıb, 3 qol və 7 assistlə yadda qalıb.