AZ

3-4 manat ucuzlaşan ət keyfiyyətli ət deyil - İqtisadçı-ekspert

İqtisadçı hesab edir ki, burada söhbət daha çox ucuz qiymətə satılan - Monqolustan ətinin bazara çıxarılmasından gedir

Bakıda ət 3-4 manat ucuzlaşıb. Əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb. Bu barədə Xəzər TV-yə danışan satıcılar deyiblər ki, son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən biri bazarda təklifin artmasıdır. Bu da heyvanların idxalı ilə əlaqəlidir.
Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15-15,5 manat, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.

İqtisadçı-ekspert Fuad İbrahimli isə “Sherg.az”a açıqlamasında deyib ki, bazarlarda ətin qiymətinin 3-4 manat ucuzlaşması inandırıcı görünmür. İqtisadçı hesab edir ki, burada söhbət daha çox ucuz qiymətə satılan ətin bazara çıxarılmasından gedir: “Yüksək keyfiyyətdə olan və baha qiymətə satılan ətlərin qəfildən bu qədər ucuzlaşması real deyil. Bilirsinz ki, son dövrlərdə bazarda Monqolustan quzuları peyda olub. Ucuz olması onların keyfiyyəti ilə bağlı müəyyən suallar doğurur.
Lakin Monqolustan quzu əti dünyada keyfiyyətli və təbii məhsul kimi tanınır. 
Bu ölkənin heyvandarlıq sahəsində inkişaf etmiş təcrübəsi və təbii şəraitdə yetişdirilən qoyunları, onların ətini qida sənayesi üçün yüksək dəyərli məhsula çevirir.
Təbii şəraitdə, Monqolustan çöllərində saxlanılan bu quzular kəsilmiş şəkildə, buzlu avtomobillərlə ölkəmizə  idxal olunur. Keyfyyətinə zəmanət verilən bu ətin bazar qiyməti kfayət qədər ucuzdur. Bazarda quzu ətinin qiyməti 20 manatdan yüksək olduğu halda Monqolustan quzularının əti 14-15 manata satılır. Demək olar ki, bir çox iaşə obyektləri, şadlıq sarayları bu ətdən istifadə edir. Bu ətə kifayət qədər də tələbat var, alıcılığı yüksəkdir. Çox güman ki, sözügedən məlumatda da söhbət məhz bu ətlərdən gedir”.
Bazarda inhisarçılığa toxunan iqtisadçının sözlərinə görə, yerli ət məhsullarının qiyməti süni olaraq bahalaşdırılır: “Necə olur ki, Monqolustandan, o boyda yol gələn ət məhsulları 4-5 manat ucuz qiymətə satılır? Lakin yerli quzu ətinin qiyməti 20-25 manata satılır?  Axı ölkəmizdə də heyvandarlıq üçün hər cür şərait var. 
Deməli, burada bu inhisarçılığın da xüsusi göstəricisi var. Dünya bazarlarında da bahalaşma prosesi gedir. Bu bahalaşma prosesinin səbəbləri fərqlidir. Bunu başa düşürük. Lakin istehlak bazarına daimi tələbatı nəzərə alan işbazlar qiymətləri süni şəkildə qaldırırlar. Bilirlər ki, nəyin bahasına olursa-olsun, insanlar ərzaq məhsullarını almağa məcburdur”.


Seçilən
15
sherg.az

1Mənbələr