Amerika kəşfiyyatı bir qrup iranlı alimlərin nüvə silahı yaratmaq üçün sürətləndirilmiş üsul üzərində işlədiyini aşkar edib...
Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti hazırkı və istefada olan ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Kəşfiyyat məlumatlarına görə, iranlı mühəndislər və silah mütəxəssisləri nüvə silahının istehsal müddətini bir neçə aya qədər azaltmağa çalışırlar.
Məlumatlar prezident Co Bayden administrasiyasının son aylarında toplanıb və seçilmiş prezident Donald Trampın milli təhlükəsizlik komandası ilə paylaşılıb. Rəsmilər deyirlər ki, İran nüvə silahı hazırlamaq ərəfəsindədir.
Qeyd edək ki, ABŞ 2015-ci il “Nüvə sazişi”ndən çıxdıqdan sonra İran uran istehsalını bərpa edib və indi dörd və ya daha çox nüvə bombası hazırlamaq üçün kifayət qədər yanacağa malikdir.
NYT qeyd edir ki, mövzu çox güman ki, çərşənbə axşamı, fevralın 4-də Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə müzakirə olunacaq. Bildirilir ki, son illərdə Netanyahu “İranın nüvə obyektlərinə zərbə endirmək əmri verməyə yaxınlaşıb”. Bununla belə, Tramp İran hakimiyyəti ilə münaqişəyə girməyə tələsmir və danışıqlara hazırdır.
Poliqon.info