ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüşün Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməsi nəzərdən keçirilir.
Məsələdən xəbəri olan iki mənbə Reuters-ə, Rusiyanın yüksək səviyyəli rəsmilərinin Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər etdiyini bildiriblər.
Rusiya rəsmiləri görüşdən əvvəl Tramp və Putin arasında telefon danışığına hazırlıq məqsədilə təmasların olduğunu dəfələrlə təkzib ediblər.
Səudiyyə Ərəbistanı və BƏƏ, Putin haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil.
Mənbələrdən biri bildirib ki, bəzi rus diplomatlar və kəşfiyyat rəsmiləri ABŞ-la sıx hərbi və təhlükəsizlik əlaqələri olduğuna görə görüşün Səudiyyə Ərəbistanı və BƏƏ-də keçirilməsinin əleyhinədirlər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Ukraynadakı müharibə zamanı bitərəfliklərini qoruyub və Ukrayna prezidenti Vladimir Zelenski ilə müntəzəm əlaqə saxlayıblar.
Rusiya mənbələri Trampla Putinin görüşünün hazırkı mərhələdə NATO üzvü Türkiyədə baş tutması ehtimalını rədd ediblər. Türkiyə 2022-ci ilin martında Rusiya və Ukrayna arasında sülh təşəbbüslərinə ev sahibliyi edib, lakin danışıqlar uğursuz olub.