OPEC-in press-relizinə əsasən, OPEC+ komitəsinin nazirləri mövcud hasilat siyasətini dəyişməmək qərarına gəliblər.
Vətəninfo.az xəbər verir ki, OPEC+ alyansının Nazirlərin Monitorinq Komitəsi onlayn iclas keçirərək hazırkı neft hasilatı siyasətini dəyişməmək qərarına gəlib. Təşkilat ABŞ prezidenti Trampın neftin qiymətinin aşağı salınması zərurəti ilə bağlı daha əvvəl verdiyi bəyanatlara baxmayaraq, aprel ayından etibarən hasilatı mərhələli şəkildə artırmaq üçün mövcud planlara sadiq qalacaq.
Bundan əlavə, OPEC+ ölkələrinin nazirləri görüş zamanı qeyd ediblər ki, alyansın “könüllüləri” tərəfindən könüllü azalma planına düzəlişlər (hasilatın tədricən artırılmasının aprelin 1-nə təxirə salınması – red.) qlobal neft bazarında sabitliyi təmin edib.
OPEC+ komitəsinin növbəti iclası aprelin 5-də baş tutacaq.
Bundan əvvəl Səudiyyə Ərəbistanının hakimiyyəti neftin qiymətini salmaq üçün Trampın hasilatı kəskin artırmaq təklifinə mənfi cavab verib.