AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
4 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
4 fevral Dünya Xərçənglə Mübarizə Günüdür:
Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi (International Union Against Cancer, UICC) 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü (World Cancer Day) qeyd edir. Həmin Günün məqsədi - ictimaiyyətin diqqətini bu qlobal problemə cəlb etmək, onkoloji xəstəliklərin nə dərəcədə təhlükəli olmasını və indi çox geniş yayılmasını xatırlatmaqdır.
4 fevral 1994-cü ildə Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb:
Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş - “Əsrin müqaviləsi” adlanan neft kontraktları imzalanıb.
4 fevral 1921-ci ildə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür:
Bakıda anadan olan L.Zadə 1930-cu ildə ailəsi ilə İrana köçüb. Tehran Universitetini bitirdikdən sonra 1944-cü ildə ABŞ-a gedib, təhsilini Massaçusets Texnologiya Universitetində davam etdirib, Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə professor elmi dərəcəsi alıb.1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb. Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində (NACA) istifadə olunur.
4 fevral 1954-cü ildə Kür çayı üzərində tikilən Mingəçevir Su Elektrik Stansiyası (SES) istifadəyə verilib:
İnşasına 1945-ci ildə başlanılan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin - energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.