AZ

Kristiano Ronaldo yenə ÇL-də dubl etdi, “Əl-Nəsr”…

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Asiya Çempionlar Liqasının qrup mərhələsinin 7-ci turu çərçivəsində baş tutan “Əl-Vasl” (BƏƏ) ilə oyunun iştirakçısı olub.

“Əl-Nəsr” evdə baş tutan bu oyunda 4:0 hesablı qələbə qazanıb. “Nəcd cəngavərlər”inin kapitanı Ronaldo start heyətdə yer aldığı matçın 81-ci dəqiqəsində əvəzlənib. O, bu görüşdə dubla imza atıb. 44-cü dəqiqədə penaltidən fərqlənən “Kriş” 78-ci dəqiqədə dublunu rəsmiləşdirib.

Bu nəticədən sonra “Əl-Nəsr” topladığı 16 xalla yer aldığı yarımqrupda 2-ci sıradadır. Ronaldonun komandası yalnız maksimum nəticə ilə irəliləyən “Əl-Əhli”dən (19 xal) geri qalır.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 25 oyuna 23 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 89 oyun, 81 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
7
arena.az

10Mənbələr