Müasir dövrdə süni intellekt artıq insanlara rəqib ola biləcək dərəcədə inkişaf edib. Bu da texnoloji inkişafın və süni intellektin inkişafının səbəb olacağı problemləri indidən düşünmək üçün ciddi əsaslar yaradır. Süni intellektin sürətli inkişafı bir sıra peşələrin gələcəyini sual altına qoyub.
Xüsusilə dizaynerlər, mətn yazarları, tərcüməçilər və hətta hüquq məsləhətçiləri üçün süni intellekt əsaslı proqramlar ciddi rəqabət yaradıb. Süni intellektin bu cür inkişafının gələcəkdə bir çox sahələrdə işçi ixtisarına səbəb olacağı ilə bağlı narahatlıqlar var. Maraqlıdır, bu cür proqramlar bəzi ixisasların ləğvinə səbəb ola bilərmi?
Kamran Əsədov: “Süni intellektin inkişafı ilə bəzi peşələrə tələbat olmaya bilər, lakin bu…”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhinə bildirdi ki, hər bir yeni dövrdə bir çox köhnə peşələr sıradan çıxır, amma süni intellekt müəllimləri tamamilə əvəz edə bilməz: “Süni intellektin üstünlükləri arasında yüksək sürət, dəqiqlik və işin fasiləsiz davam etdirilməsi var ki, bu da bəzi sahələrdə işçilərə olan ehtiyacı azaldır. Bəzi sahələrdə çalışanlar üçün bu texnologiya təhdid kimi görünə bilər. Məsələn, mühasibatlıq, maliyyə analizləri, data işləmə kimi sahələrdə süni intellekt artıq bir çox funksiyanı avtomatikləşdirməyə başlayıb. Eyni zamanda, fabrik işçiləri, kassir, sürücü, mətn və şəkil redaktorları kimi daha sadə və təkrarlanan işlər də tədricən sıradan çıxmaq üzrədir. Artıq bəzi böyük şirkətlər robotlar və süni intellekt əsaslı sistemlər vasitəsilə xidmətlərini göstərməyə başlayıblar. Belə olan halda, gələcəkdə bu iş sahələrində çalışanlar işsizlik risqi ilə üzləşə bilərlər. Texnologiyanın inkişafı təkcə iş yerlərinin itirilməsi ilə məhdudlaşmır. Yeni texnologiyaların gətirdiyi dəyişikliklər həm də yeni imkanlar və yeni peşələr yaradır. Xüsusən də rəqəmsal dünya, proqramlaşdırma, kibertəhlükəsizlik, data analizi, süni intellektin inkişafı və idarə olunması, biotexnologiya kimi sahələrdə baş verir. Gələcəkdə peşə seçimi edərkən gənclər məhz bu sahələrə yönəlməlidir. Çünki bu sahələrdə təhsil alanlar üçün iş imkanları geniş olacaq və onların bacarıqlarına hər zaman tələbat olacaq. İnsan təfəkkürü və yaradıcılığına əsaslanan sahələr gələcəkdə də öz yerini tutacaq. Məsələn, tibb, psixologiya, təhsil, incəsənət, dizayn kimi peşələr süni intellektin inkişafından qismən az təsirlənəcək. Bu sahələrdə insan əlaqəsi, empatiya, etik qərarlar və yaradıcı yanaşma tələb olunduğu üçün süni intellektin tamamilə əvəzləyə bilmədiyi sahələrdir. Buna görə də, insanlar gələcəkdə də bu sahələrdə yüksək peşəkarlıq səviyyəsi ilə öz yerini qoruyub saxlayacaqlar".
Ekspert hesab edir ki, süni intellektin inkişafı ilə bəzi peşələrə tələbat olmaya bilər, lakin bu onun tamamilə sıradan çıxması demək deyil. Əksinə, insanın yaradıcılığı, düşünmə qabiliyyəti və sosial bacarıqları həmişə dəyərli olacaq və texnologiya ilə birlikdə işləməyi bacaran insanlar üçün yeni imkanlar yaradacaq. Texnologiyanı daha yaxşı anlamaq və istifadə etmək bacarıqları gələcəkdə uğur qazanmaq üçün ən vacib amillərdən biri olacaq.
Elvin Abbasov: “Süni intellektlə davranmağı bacarmayanlar, prompt yazmağı bilməyənlər işlərini itirəcəklər”
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, süni intellekt iki istiqamətdə inkişaf etdirilir. Birincisi, spesifik sahələr üzrə süni intellektin inkişaf etməsidir: “Süni intellekt spesifik sahələr üzrə bütün peşələrə demək olar ki, yiyələnib, insandan daha yaxşı dizayn edir, daha yaxşı mətn yazır. Jurnalistlərin bir qismi də mətn yazmaq işini süni intellektə həvalə edib. Montajyorlar hansısa bir videonun çəkilişini, sujet xəttinin yazılmasını da süni intellekt vasitəsi ilə həyata keçirə bilərlər. "OpenAI"-nin yeni yaratdığı “Sora” adlı texnologiya mətni videoya çevirməyə qadirdir. İnsan faktoru qalacaq, yoxsa tamamilə yoxa çıxacaq? Əsas və önəmli sual budur. İnsan faktoru o vaxt qalacaq ki, insanlar süni intellekti idarə edə biləcək səviyyəsini qoruyub saxlayacaq. İnsan daim özünü inkişaf etdirirsə, süni intellektlə danışa, prompt yaza bilirsə, o zaman peşəsini qoruyub saxlayacaq. Süni intellektlə davranmağı bacarmayanlar, prompt yazmağı bilməyənlər işlərini itirəcəklər. Dövrün tələbi ən kiçik sahəni hamıdan daha yaxşı öyrənmək, o sahədə ixtisaslaşmaqdır. Müasir zaman rəqəmsal səriştəlilik və kiber təhlükəsizlik sahəsində müəyyən biliklər tələb edir. Bunlara yiyələnməyən peşələrin sahibləri öz işlərini itirəcəklər. Məsələn, SOCAR neft və qazın çıxarılmasını tamamilə avtomatlaşdıracaq. Evlərimizdəki kommunal sayğaclar elə "ağıllı" olacaqlar ki, aylıq məlumatları özləri serverə ötürəcəklər Qapı döyən insanlar yavaş-yavaş sıradan çıxaracaq, müfəttiş sahələri, "security"lər itib gedəcək. Bu saat elə biometrik kameralar, izləmə, nəzarət və təhlükəsizlik cihazları var ki, insandan daha yaxşı nəticə ortaya qoyurlar. Küçədə kiminsə saatlarla dayanıb sağa-sola baxmasına ehtiyac qalmayacaq. Süni intellekt dövründə ancaq intellektual insanlar öz peşələrində qalacaq. Bir çox sahələr avtomatlaşacaq. Ən böyük avtomatlaşdırma istehsalat sahəsində olacaq. Fabrik və zavodlar tamamilə insansız hala gələcək. Mühəndislərə iş olacaq, fəhlələr isə işsiz qalacaq. Amma bütün bunlardan qorxmaq lazım deyil. Azərbaycanda müəyyən barreldə neft hasil olunur. Nefti buruqlardan insanlar da çıxara bilər, avtomat qurğular da çıxarar. Orada insan faktorunun olmaması neftin hasilatını azaltmır. Əksinə, insan həyatı, orqanizmi üçün zərərli sayılan iş sahələrindən insanlar uzaqlaşdırılır. Həm də bu o deməkdir ki, digər inkişaf etmiş ölkələrdəki kimi insanlar hardasa çalışaraq aldığı əmək haqqını sosial müavinət formasında əldə edəcək”.
Fatimə Hacıbətli: “Süni intellekt daha çox mühasiblərin işinə müdaxilə edəcək, çünki…”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, süni intellektin inkişafı sürətlənib və qarşıdakı illərdə bu, hər kəsin həyatına daha çox təsir edəcək: “Süni intellekt daha çox mühasiblərin işinə müdaxilə edəcək. Belə ki, bu gün sırf insanların iştirakı ilə görülən bəzi işləri gələcəkdə kodlaşdırma ilə reallaşdırmaq mümkün olacaq. Bununla yanaşı tərcümə, hüquqi məsləhəti də süni intelekt həll edə biləcək. Siyasət, mühəndislik, incəsənət sahəsində və s. peşələr süni intellektdən daha az təsirlənəcək. Ölkəmizdə keçid dövründə süni intellektlə ayaqlaşa biləcək kadrlarımız olsa, təbii ki, bazarda yaxşı nəticələrə sahib ola bilərik. Kadr baxımından yetərsiz qalsaq, inkişafda geriləyəcəyik. Digər ölkələr isə irəli gedəcəklər. Bu səbəbdən hökumətlər bu istiqamətdə indidən müəyyən addımları düşünməlidirlər. Süni intellektin inkişafı yeni əmək bazarında olan dəyişikliklərə adekvat reaksiya verə bilməsələr, kəskin işsizlik problemi də müşahidə edilə bilər”.
Günel CƏLİLOVA