![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/avto.webp)
Adi rəqabətə dözməyən dilerlərə görə xüsusi qanun qəbul etməyə dəyməz
Ötən il Azərbaycana gətirilən avtomobillərin 45%-i ölkəyə fərdi qaydada idxal edilib. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuzuna Çindən istehsalçı şirkətdən maşını alıb, öz adına idxal edir. Bu rəqəm isə Azərbaycanda sahibkarları və dilerləri narahat edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycan xaricdən 1 milyard 844,2 milyon min dollar dəyərində 91 min 838 ədəd avtomobil idxal olunub.
2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 679 milyon 489 min dollar dəyərində 26 min 197 ədəd hibrid avtomobil idxal olunub.
2023-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 293 milyon 195 min dollar və ya 75,9%, miqdar ifadəsi ilə isə 12 min 99 ədəd və ya 85,8% artıb.
Ötən ilin eyni dövründə xaricdən 386 milyon 295 min dollar dəyərində 14 min 98 ədəd hibrid avtomobili gətirilmişdi.
1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti 2024-cü ilin 12 ayının nəticələrinə görə orta hesabla 25 min 938 dollar (44 min 94 manat) olub ki, bu da son bir ildə 1 463 dollar (2 min 487 manat) və ya 5,3% ucuzlaşma deməkdir.
2023-cü ilin yanvar-dekabr aylarında isə 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 27 min 401 dollar (46 min 581 manat) olub.
Göründüyü kimi, bu sahədə tendensiya müsbətə doğru iləliləyir. Bir tərəfdən yeni avtomobillərin, digər tərəfdən isə elektronobillərin idxalı artır. Deməli, hökumətin avtomobil idxalı ilə bağlı heç bir problemi mövcud deyil. Çünki zatən hökumətin siyasəti ölkənin avtomobil parkının yenilənməsini hədəfləyib, proses də sürətlə davam edir.
Əks tərəfdə isə xaricdə avtomobil istehsal edən şırkətlərin dilerləri hökumətə müraciət edir ki, ölkəyə fərdi qaydada avtomobil gətirən sahibkarlar onların bazarına "girir", tədbir görmək lazımdır. Hətta onlar fərdi qaydada ölkəyə avtomobil idxalını "boz idxal" adlandırırlar. Əslində həm dilərlərə, həm də fərdi avtomobil idxalçılarına qarşı eyni gömrük rüsumu və eyni verği qanunvericiliyi tətbiq edilir. Elə isə nəyə görə dilerlərin salonlarda satdığı avtomobillər az qala iki dəfə fərdi qaydada idxal edilən avtomobildən baha qiymətə satılır? Ona görə ki, dilerlər indiyə qədər yeni avtomobil bazarının inhisarçısı olub. İndi isə bazarda fərdi qaydada avtomobil idxal edən sahibkarlar meydana çıxıb. Onlar "birinci əl" avtomobil arzusunda olan şəxsləri tapır və onun sifarişinə uyğun, dilerlərdən daha ucuz qiymətə maşın alıb gətirir. Beləliklə, Bakıdakı avtomobil dilerlərinin "əl yandıran" qiyməti üzündən bazarda alver dayanıb. Onlar isə rəqabətə girib qiymətləri ucuzlaşdırmaq əvəzinə inzibatı qaydada rəqibləri, fərdi avtomobil idxalçılarını sıradan çıxarmaq istəyirlər. Ona görə də dərhal hökumətə müraciət ediblər.
Hesab edirəm ki, hökumət bu məsələyə həssas yanaşaraq, avtomobil dilerlərinin çağırışına müsbət reaksiya verməməlidur. Yəni dilerlərin rəqibi olan fərdi avtomobil idxalçılarına əlavə heç bir maneə qoyulmamalıdır.
Əslində fərdi avtomobil idxalçıları dilerlərdən daha az qazanır. Çünki onlar avtomobilləri əsasən bir-bir gətirir. Dilerlər isə satış üçün avtomobili kütləvi gətirsələr də, daha çox qazanmaq üçün baha qiymətə satışa çıxarırlar və fərdi avtomobil idxalçılarına uduzurlar. Bu təbii prosesdir - kim qiyməti ucuzlaşdırıb bazarda qala biləcəksə, rəqabətə davam gətirərək işina davam edəcək. Amma kim ki, az qazanca qane olmayacaq, elə malını ənənəvi və ya daha baha qiymətə satmaq istəyəcək, o müflisləşərək bazarı tərk edəcək. Bu, bazar iqtisadiyyatının təbii mexanizmlərindən biridir. Bunun hökumətin siyasətinə heç bir zərəri yoxdur.
Ölkədə avtomobil istehsalı olmadığından daxili bazarı da avtomobil idxalından qorumağa ehtiyac duyulmur. Adi rəqabətə dözməyən dilerlərə görə xüsusi qanun qəbul etməyə dəyməz.
Akif NƏSİRLİ