AZ

ABŞ Rusiyanın Akkuyu üçün göndərdiyi 2 milyard dolları dondurdu

Yazını böyüt
Yazını kiçilt

“The Wall Street Journal”ın (WSJ) xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyi JPMorgan-dakı Rusiyaya məxsus 2 milyard dolları dondurub. Bu məbləğin Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu AES-in tikintisi üçün göndərildiyi bildirilir.

Hafta.az-ın yazdığına görə, ABŞ rəhbərliyi Rusiya və Türkiyənin “Qazprombank” vasitəsilə 9 milyard dollarlıq kreditlə bağlı razılığa gəldiyini düşünür. 2022-ci ilin yayında “Qazprombank Citi” vasitəsilə Akkuyu layihəsi üçün Ziraat Bankına 3 milyard dollar köçürüb. JPMorgan vasitəsilə edilən daha 2 milyard dollarlıq transfer ABŞ Ədliyyə Nazirliyi tərəfindən dondurulub.

WSJ-nin məlumatına görə, Bayden administrasiyası əvvəlcə bu vəsaitləri tamamilə ələ keçirməyi planlaşdırırdı, lakin Türkiyə ilə münasibətləri korlamaq istəmədiyi üçün sadəcə onları dondurmağa qərar verdi. Ankaranın ABŞ-la əsir mübadiləsi, terrorla mübarizə və Yaxın Şərqdəki münaqişələr kimi məsələlərdə əməkdaşlıq etdiyi xatırladılıb və Vaşinqtonun bu tərəfdaşlığı riskə atmaq istəmədiyi bildirilib.

ABŞ prezidenti Donald Trampın komandasının rəsmisi bəyan edib ki, yeni administrasiya sanksiyaları nəzərdən keçirəcək və bundan yayınmağa çalışanlara qarşı daha sərt tədbirlər görəcək.

“Rosatom” rəsmiləri vurğulayıblar ki, Akkuyu AES üçün göndərilən bütün pullar layihənin maliyyələşdirilməsi, podratçı ödənişləri və sosial məsuliyyət layihələrinə köçürülüb. Qurum rəsmisi dondurulmuş vəsaitlərlə bağlı deyib: “Biz ədalətsiz şəkildə bloklanan bu resurslarla bağlı həllini gözləyirik”.

Rusiya isə Qərbin sanksiyalarını qeyri-qanuni adlandırır. Prezident Vladimir Putin Qərbin Rusiyaya ağır zərbə vurmaq planlarının iflasa uğradığını bildirərək, “Rusiya dünya üçün əvəzolunmazdır, Vaşinqton və Brüsselin qərarları bunu dəyişdirə bilməz” deyib.

Seçilən
26
hafta.az

1Mənbələr