AZ

Şimal bölgəsində terror qruplaşması məhv edildi - ŞƏRH

Qusarda baş vermiş hadisə ilə bağlı ən dəqiq və doğru rəyi aidiyyəti orqanların araşdırması ortaya qoyacaq

Son illərdə ölkədə dini ekstremist qüvvələr, radikal dini qruplaşmalara qarşı mübarizə intensivləşsə də, buna paralel olaraq qarşı tərəf də öz çirkin əməllərini həyata keçirmək, məkrli planlarını reallaşdırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edir. Bütün bu hallar isə milli təhlükəsizliyimizə təhdid təşkil edir. Çünki dini ekstremist qüvvələrin hərəkətləri təkcə dövlətin deyil, eləcə də hər bir vətəndaşın təhlükəsizliyinə təhdiddir. 

Qeyd edək ki, DTX və DİN ölkəmizdə radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin qarşısını almaq məqsədilə birgə kompleks tədbirlər həyata keçirib.

Əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub. Əməliyyat nəticəsində 8 nəfər - Əlipaşa Kamilov, Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlarda gizlənən qanunsuz silahlı birləşmənin üzvləri Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev, həmçinin Nazim Zəkiyev, Kamran Kərimxanov və Rövşən Laçınov məhv ediliblər.

Dini ekstremist qüvvələrə qarşı mübarizəni dəyərləndirən Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, ekstremist qüvvələrin zaman-zaman dövlətimizə qarşı terror-təxribat planları təhlükəsizlik orqanlarımız tərəfindən müəyyən edilərək pozulur, mənfur niyyətlərin icrasının qarşısı yüksək peşəkarlıqla alınır: 

“Hər şeydən öncə hüquq-mühafizə və təhlükəsizlik orqanlarımıza minnətdar olmalıyıq. Çünki belə planları ifşa etmək, iştirakçı və təşkilatçıları tapmaq, eyni zamanda zərərsizləşdirmək kənardan asan görünsə də, o qədər asan deyil. Ona görə ki, həmin cinayətkar qrupların hərəsini bir və ya bir neçə dövlət maliyyələşdirir, müasir texnologiya və silahlarla təchiz edir, qoruyur. Əks halda heç kəs asanlıqla ölkə daxilində silah-sursat, partlayıcı əldə edib gizli işlər görə bilməz. Dini zəmində, məzhəbçilik mövzusunda radikal niyyətləri icra etmək, dünyəvi dövlət quruluşunun dəyişdirilməsi məqsədilə xarici himayədarları, havadarları vasitəsilə ölkəmizdə təxribat yaratmaq istəyirlər. Düşmən ölkə daxilində öz məqsədinə yararlı olan, fikir və düşüncəsində, inancında onun niyyətlərinə, istəklərinə cavab verən fərdləri müəyyən edir və müəyyən maddiyyat və sair vasitələrlə ələ alır və bu cür zərərli planlar həyata keçirməyə cəhd edir. Çox zaman həmin qruplaşmanın üzvləri onları himayə edənlərin məqsədinin başqa olduğunun fərqində belə olmurlar. Düşünürlər ki, həmin kənar qüvvələr sırf bunların dini hesab etdikləri radikal niyyətlərinə şərait yaradırlar. Məlumdur ki, cənubdan gələn bu kimi təhlükələr cənub qonşumuzun, şimaldan gələn təhdidlər də əsasən şimal qonşumuzun vasitəsilə olur çox zaman. Şübhəsiz ki, Qusarda baş vermiş bu məsələ ilə bağlı ən dəqiq və doğru rəyi aidiyyəti orqanların araşdırması ortaya qoyacaq. Eyni zamanda gedən siyasi proseslərlə, Rusiya ilə münasibətlərin bir qədər sərin olduğu ərəfədə əlaqədar olub-olmaması haqda zənlər olsa da, yenə də dəstənin hansı ölkə tərəfindən himayə olunması tam nəticənin ortaya qoyulmasından asılıdır. Mümkündür ki, şimal qonşumuzun hazırladığı qruplar olsun ki, lazım bildiyi vaxt işə salsın. Olmaya da bilər, bu, sadəcə, mənim ehtimalımdır. Amma hər bir halda bu kimi cinayətkar qruplarla mübarizə yönündə dövlətin apardığı iş səmərəli və operativdir. Aidiyyəti güc orqanlarının təhlükəsizliyimizə təhdid yaradan ünsürləri tam peşəkarcasına sıradan çıxarması elələrinə dərs olmalıdır ki, bir də bu kimi niyyətlərə düşməsinlər”.

İlahiyyatçının sözlərinə görə, din sahəsində daha səmərəli işlər görülməlidir ki, cəmiyyətimiz özü bu cür radikal niyyətlərdə olanları özü müəyyən etsin, inkişaf etməyə imkan verməsin və artmasına şərait yaratmasın:

“Ona görə əsasən bölgələrdəki din xadimləri təbliğat, maarifləndirmə işlərini gücləndirməli, dövlətə daha yaxın olmalıdırlar. Təkcə dindar kəsimi deyil, bütün əhalini maarifləndirmək vacibdir. Ekstremizm cəhdlərinin fürsət düşən kimi baş qaldırmasının qarşısının alınması yönündə qabaqlayıcı tədbirlər görülməlidir. Azərbaycan dövlətinin milli, dini tolerantlıq sahəsində heç bir problem yaşamaması düşmən və xəbis qüvvələri narahat edir və dövlətin əsasən son illərdəki böyük nailiyyətlər və qələbə qazanmasını həzm edə bilmirlər. Lakin bütün xəbis qüvvələr sıradan çıxarılacaq və istənilən mənfur niyyətlər öz mənbəyinə sarı çevriləcək, ifşa ediləcək”.


Seçilən
0
sherg.az

1Mənbələr