AZ

Bağça açmaq üçün nə qədər maliyyə lazımdır? - Biznesin detalları

Sahibkarlar hər zaman axtarışdadırlar, hansı sahəyə yatırım etməklə bağlı davamlı müxtəlif sektorları araşdırırlar. Azərbaycanda tələb olan sahələrdən biri də bağçalardır. Elə bu istiqamətdə sahibkarları maraqlandıran suallar ətrafında “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin qurucusu, biznes konsultant Rasif Dünyamalı Valyuta.az-ın suallarını cavablandırıb.

- Rasif bəy, bağça qurmağın xərcləri ilə başlayaq. Bağça açmaq üçün nə qədər maliyyə lazımdır?

- Normativlərə uyğun 80-100 uşaqlıq bağça qurmaq üçün minimum 100 min manat lazımdır. 50-60 min manata da qurmaq olar, amma orada normativləri tam təmin edə bilmirsən. Bu investisiya bağçanın içərisinə lazımdır.

Qeyd edim ki, həmin 100 min manat 5 il ərzində əriyir. Elə işləməlisən ki, hər il 20 min manat vəsaiti kənara qoyasan ki, 5 il sonra bağçanı yeniləyə biləsən. Yəni “Biznesi qurdum, illərlə investisiya yatırmayım” deyə bir şey yoxdur. Bir bağçada hər il 10 min manat oyuncaq alışına gedir. Bir dəfə yayda alırıq, artıq fevralda yeniləmək lazım gəlir. Bunlar öyrədici oyuncaqlardır.

5 il sonra investisiya yatırıb yeniləməsən, bağça köhnəlir. Bu zaman 400 manata sata bilmirsən, qiyməti aşağı salırsan, sonra da gəlirin xərci qarşılamır. Yəni bu biznes üçün ildə 20 min manat yatırım etməlisən.

“Bağçada bir uşağın aylıq qida xərci 50 manatdır”

- Oyuncaq xərcləri maraqlı gəldi. Ümumiyyətlə, bağçada əsas xərc aparan nüanslar nələrdir?

- Azərbaycanda valideynlər bağçanın qiymətini uşağın yeməyi ilə müqayisə edib hesablama aparırlar. Deyirlər ki, balaca uşaqdır, onun aylıq yemək xərci nə edir ki, 400 manat ödəniş təyin edirlər? Bəli, bir uşağın aylıq qida xərci 50 manat təşkil edir. Çünki kütləvi bişir deyə, çox xərc getmir. Qalan məbləğin böyük hissəsi əmək haqqına və icarəyə gedir.

Standartlara uyğun bağçanı saxlamaq üçün hər uşağa görə 300-350 manat xərc çıxır. Ona görə qiymətləri 450 edirik ki, həm amortizasiyanı çıxaq, həm də müəssisə mənfəət qazana bilsin.

- 100 uşaq tutumu olan bağçanın aylıq icarə haqqı nə qədər edir?

- Bağçanı kiçik kvadratda qura bilmirsən. 100 uşaq üçün minimum 800 kvadrat ərazi lazımdır. Ondan aşağı düşəndə normativləri pozursan. Əvvəl kvadratını 7 manata götürürdüksə, indi 10 manatdır. Mərkəzdəki yerlərin isə kvadratı 15-17 manatdır. Bakıdan kənara çıxanda 3-5 manat nisbətində olur. İllik 80-90 min manat icarə edir. Üzərində də 14 faiz vergi gəlib hesablayanda, bir uşağın ödənişinin 100 manata yaxını icarəyə gedir.

- Bəs əməkhaqqı xərci nə qədər olur?

- 100 uşaqlıq bağçada işçi əməkhaqqısı aylıq 15 min manatı keçir, onun üzərində də sosial müdafiə ödənişləri gələndə xərcin daha çox olur.

“50 nəfərlik bağça açsan, qazanmayacaqsan”

 

- 100 uşaq üzərindən danışırsınız. Uşaq sayı ilə bağlı tələb var?

- Minimumla bağlı tələb yoxdur, amma Bakıda 70 nəfərdən az tutumu olan bağça açmaq sərf etmir. Sıfır nöqtəsi 50-dir. 50 nəfərlik bağça açsan, qazanmayacaqsan. 70 nəfərlik açsan, 20 nəfər sənin qazancındır.

- Bağça açmaq üçün uğurlu yer haradır?

- Bağça yanaşmasında belədir ki, həmin əraziyə günəş düşməlidir, təbii işıqlandırma, havalandırma olmalıdır. Təhlükəsiz ərazidə açmalısan. Sənaye bölgəsində, səs-küylü, tozlu yerdə açmaq məsləhət deyil.

Biznes olaraq yer seçiminə gəlincə, ölkə başçısı bununla bağlı ideya vermişdi. Demişdi ki, hündürmərtəbəli binaların hamısının aşağısında bağça açılsa, ehtiyac ödənilər. Amma hazırkı normativlər o planın icra olunmasına imkan vermir.

Dövlət proqramını da nəzərə alıb desək, hazırda ən yaxşı qərar regionlarda bağça açmaqdır. Çünki regionlar boşdur, təklif azdır. Bəzi regionlarda özəl bağça yoxdur, dövlət bağçaları isə çox azdır. Tələb var. Sahibkar orda bağça açsa, dövlətdən də dəstək alsa, rahat işləyəcək.

Bakının qəsəbələrində ciddi boşluq var. Lökbatanda cəmi bir özəl bağça var, məskunlaşma çoxdur. Lökbatanda bağça açmaq lazımdır. Xırdalanda da tələb var.

- Bu günün biznes yanaşması belədir ki, fərq yaratmalısan. Bağçada yaradılacaq fərq nə tipli olmalıdır?

- Birinci fərqin yanaşman olmalıdır. Uşağa, valideynə, əməkdaşlara. İkinci məsələ sənin proqramındır. Hansı təhsil proqramını təklif edirsən? Üçüncü ən çox önəmli olan fiziki məkanının necə olması, yəni bağçanın görünüşüdür. Amma xidmətin keyfiyyəti görüntü ilə balanslı olmalıdır.

“Ən çox rusdili bağçalar satılır”

 

- Nə qədər müddətdə təyin etmək olur ki, biznes uğurludur, yoxsa yox?

- 1 ildə biznesin tutub-tutmadığını bilirsən, bazardakı yerin də müəyyənləşir ki, hansı seqmentdəsən.

- Bağçanın reklamı necə aparılmalıdır?

- 5 ilin bağçası ilə 1 ilin bağçası eyni cür reklam oluna bilməz. 1 ilin bağçası özünü reklam etməlidir, çünki PR edəcək bir şey yoxdur. Yəni, yeni açılmısınızsa, bağçanın içini, çölünü, işçiləri, proqramını, menyunu və s. göstərməlisiniz. 5 ilin bağçası isə nəticəsini PR etməlidir. Sonrakı mərhələdə bağçanın necə idarə olunduğunu göstərməlisən. Sənin dərslərin necə keçir? Yeməyin necə bişib ortaya çıxır? Valideynlərlə münasibətin necədir? Bunları göstərməlisən. PR və reklamında insanların ehtiyaclarını qabartmalısan ki, satış olsun.

- Bağça açıb uğursuz olanlar da çoxdur. Səbəb nədir?

- Təhsil işində valideynlərlə doğru kommunikasiya önəmlidir. Təzə-təzə bərli-bəzəkli binalarda açılır, amma bir müddət sonra görürsən ki, işıqları sönüb. Çünki valideynlə işləyə bilmirlər. Valideynlə işləməyi bilmək, onları öyrətmək lazımdır. Məktəb, valideyn və uşaq əməkdaşlığı olmalıdır. Bəzən uşaq kənarda qalır, valideyn və bağça kommunikasiyada olurlar. Bu, effektli deyil. Uşağın marağı, ehtiyacı nəzərə alınmalıdır.

- Azərbaycan, rus, ingilisdilli bağçalardan hansı daha çox satılır?

- Ən çox rus dili satılır. Şəhərin mərkəzində açacaqsınızsa, ingilis dilliyə tələb daha çox olacaq. Kənara doğru getdikcə rusdur. Kənarda da ingilisdillini ucuz edə bilsən, onu da satarsan. Amma ingilisdilli bağçanı ucuz etmək olmur, çünki müəlllimin maaşı yüksəkdir. İngilisdilli bağçanı 550-600 manatdan aşağı satmaq olmur.

“Müəllimlərə deyirəm ki, bağça açma”

- Uşaqların həyatı sizə əmanət edilir. Bu mənada bağçanı riskli biznes adlandırırlar. Bu risk tam təmin oluna bilirmi?

- Təhlükə hər yerdə var. Təhlükənin riskə çevrilmə faizi önəmlidir. Əlbəttə, insan həyatıdır. Klinika da risklidir. Amma klinikanı hamı qəbul edir, çünki peşəkarlar işləyir, normativlərə uyğun prosedurlarla işlənilir. Cərrahlıq ən riskli işdir. Yaxşı bir anestezioloqla əməliyyata girirsənsə, riski azaldırsan. Sonra reanimatoloq yaxşıdırsa, riskini bir az da azaldırsan. Cərrah o zaman narahat olur ki, işləyəcəyi mütəxəssislərdən əmin deyil. Bağçaya da tətbiq edəndə, eyni yanaşmadır. Vicdanlı, təcrübəli, işini bilən dayən varsa, qayğı hissəsindən arxayınsan. Tərbiyəçi peşəkardısa, otağa girən kimi otaqdakı əşyalar, oyuncaqları analiz edir və nələr risk yarada bilərsə, onları nəzərə alır. Bağça idarəçilərinin işi ondan ibarətdir ki, o təhlükəni minimum riskə çevirsin. Təhlükəni miminumlaşdıra bilənlər o hallarla az qarşılaşırlar. Peşəkar deyilsənsə, bağça riskdir.

- Konsultant olaraq sahibkarlara bağça açıb təhvil verirsiniz. Kimə bağça açmağı məsləhət görmürsünüz?

- Sonuncu pulu ilə bağça açmaq istəyənə məsləhət görmürəm. 100 min manatı hardansa tapıb gətiribsə, məsləhət görmürəm. 200 min olsun, 100 mininə bağça açaq. Biznesdir, açarsan, 6 ay müştərin olmaz, icarəni verə bilməzsən. Onu qarşılaya biləcək ya nüfuzun, ya da pulun olmalıdır. Əks halda çətindir. Ən çox müəllimlərə deyirəm ki, bağça açma. Pedaqoji yanaşma ilə bura gəlsən, çətin olacaq, kommersiya tərəfin də olmalıdır. Müəllim əgər biznesə girəcəksə, kommersiya tərəfini inkişaf etdirməlidir. Sahibkar bir müəllimi müdir qoya bilər. Müəllim müştəri yönümlü olsa, bu uğurlu ola bilər.

“Biz bağça aça bilmirik. Normativlər ağırdır”

 

- Bağça azdır, uşaq çox, amma sahibkarları bu sahədə o qədər də görmürük. Səbəb nədir?

- Hazırda 148 özəl bağça var. Onların 20-yə yaxını xüsusi nüfuz üçün açılıb. İcarədə deyil, öz obyektlərindədir. 20-yə yaxınının adı var, işləmirlər. Yerdə qalanlar isə çabalayırlar. İndiki halda bağça biznesi heç kimə sərf etmir. Çünki bağça açmaq üçün hər şey Elm və Təhsil Nazirliyinin rəyi əsasında olur. Birinci qeydiyyat proseduru odur ki, nizamnaməni hazırlayırsınız, Elm və Təhsil Nazirliyi ona rəy verir, sonra vergi xidməti səni qediyyata alır. Nazirlik rəy verməsə, vergi qeydiyyata ala bilmir. Bəzən bu proses çox uzanır. Şahid olduğum elə qeydiyyat prosesi olub ki, 9 ay nizamnaməyə rəy verilməyib. Vətəndaş müraciətləri haqqında qanuna görə 15 iş günü ərzində reaksiya verilməlidir. Xüsusi araşdırma lazım olanda, bu, 15 gün uzadıla bilər. Amma 30 gün müddətində səhvlər qarşılıqlı deyilməli və nəticə olmalıdır. Bəzən 30 günün sonunda cavab gəlir, bəzən isə gəlmir. Bəzən 30 gün sonra cavab gəlir ki, hansısa maddədə hansısa hərf səhvlərini düzəltmək, hansısa maddəni başqa cür yazmaq və s. lazımdır. Əslində, qanuna görə məsləhətləşilib yerində düzəliş olunmalıdır, buna görə proses uzanmamalıdır. Düzəliş edib göndərirsən, yenidən 30 gün bir də gözləyirsən. Bu formada sənəd dövriyyəsi getdiyi üçün sənədləşmə 6-9 ay çəkir. Ona görə bir çox sahibkar bu işə girmək istəmir. Bundan sonra hələ bağçanın qurulması prosesi var.

- Orada nə kimi çətinliklər ola bilir?

- Bağçanın qurulması Nazirlər Kabinetinin 171 saylı qərarına əsasən həyata keçirilir. O qərarla bütün təhsil müəssisələrinin normativləri, sanitar-gigiyenik qaydaları yazılıb. Həmin qərarın ən çətin hissəsi bağçadır. Həmin qərar SSRİ-nin 1985-ci ildə tətbiq etdiyi normativlər əsasında hazırlanıb. 2010-cu ildə dəyişiklik edilib, amma yenə də bu günün tələblərinə uyğun sayılmaz.

Məsələn, yazır ki, “Besedka”nın içi yerdən 10 sm hündürlükdə taxta döşəmə olmalıdır. Biz araşdırdıq ki, bunu niyə belə yazıblar? Rusiya ərazilərində qış şaxtalı olduğuna görə, torpaqdan onu ayırmaq üçün deyirdilər ki, taxta döşəyin. Bu, şaxtalı ölkələrə aid olan məsələdir. Həmin normativ bizdə hazırda da tətbiq olunur. “Besedka” kafelin, daş döşəmənin, yaxud asfaltın üstündədirsə, yoxlamada icazə vermirlər.

Yaxud bağça açmaq üçün normativdə 1 hektar yaşıl ərazi istəyir. Bakıda 1 hektar yaşıl ərazi hardadır? Bir hektar yaşıl ərazisi olan adam niyə bağça açsın? Hündürmərtəbəli bina tikib satar. Bu, qazanc baxımından daha sərfəlidir.

Biz bağça aça bilmirik. Normativlər ağırdır, keçmək olmur.

“2019-cu ildən bəri lisenziya ala bilmirik”

 

- Bəs siz bağçaları necə açmısınız?

- Bizim bağçaların əksəriyyəti güzəşt dövründə açılıb. 2014-cü ildə Mikayıl Cabbarov təhsil naziri olanda, Heydər Əliyev Fondu məktəbəqədər təhsillə bağlı araşdırma aparmışdı. Müəyyən olunmuşdu ki, ciddi şəkildə boşluq var. Mikayıl müəllim təklif etmişdi ki, sahibkarlara imkan yaradaq ki, bu sektora gəlsinlər, bağçaların sayı artsın. Uşaq bağçaları 10 il vergidən azad oldu. Daxildə də təlimat verilmişdi ki, standarta yaxın olanlara lisenziyada köməklik edilsin. Həmin vaxtı açdığım bağçaların hamısı lisenziya aldı. 2019-cu ildən bəri müraciət etdiyimiz heç bir bağçaya lisenziya ala bilmirik. Kağızda nə yazılıbsa, onu tələb edirlər. Sahibkar da hündürmərtəbəli tikilinin həyətində 1 hektarlıq yaşıl sahə düzəldə bilməz.

- Məsələn, qaydalarda olan daha hansı məsələlərlə bağlı güzəştlər ola bilər?

- Tələblərə görə, bütün bağçaların öz camaşırxanası olmalıdır. Biz bu xidməti özəl camaşırxana şirkətinə verməyə cəhd edəndə, qəbul olunmur. Ayrıca camaşırxana qursaq, o iş üçün bir əməkdaş götürüb ayrıca maaş versək, xərcimiz artır. Təhsilhaqqı da artanda valideyn ödəyə bilmir. Biz də deyirik ki, mən bunu kənar şirkətə 1 kilosunu 60 qəpiyə verim, yuyub gətirsin. Qaydalar deyir ki, bağçada yuyulması gigiyenikdir. Camaşırxana şirkətlərinə də dövlət nəzarət edir, onun da yuyulması gigiyenik olmalıdır.

Yaxud dövlət bağçaları ketrinq şirkəti ilə işləyir. Yeməklər bir mərkəzdə bişir, bağçalara gedir. Özəl bağçada onu edə bilmirsiniz. Deyir mütləq mətbəxiniz olmalıdır. Olmasa, lisenziya vermir. İkili standartlar var.

Sahibkarlar bu prosesi görəndə, deyir ki, sərf etmir. 100-150 min manatı olanlar çoxdur, işə yatıra bilər. Gedir ticarətə girir, restoran açır. Onsuz bağça çətindir, məsuliyyətli işdir.

Növbəti 3 ildə 30 bağça açmaq istəyirəm. Əksərini də regionlarda açmaq fikrim var. Bu prosedurlar məni soyudur. Düşünürəm ki, dəyərmi?

Bilirsiniz, məntiqli arqumentlər olanda, təbii ki biz də razılaşırıq. Amma 171 saylı qərarda olan bəzi məntiqsiz qərarlar isə bu sektorun inkişafında sadəcə maneədir.

“Özbəkistanda 60 kvadratlıq həyəti olan bağçaya lisenziya verilir, amma Azərbaycanda...”

 

- Məsələn, hansı arqumentlərlə razılaşırsınız?

- Mənə yox deyiləndə, geri çəkilmişəm. Bizim bir obyekt var idi, bağça tipli düzəltmişdik. Sonra onu dəyişib reabilitasiya tipli etdik. Lisenziya almaq üçün təqdim etdik. Qapalı və təhlükəsiz həyət idi. Binada da, müəssisədə də mühafizə var idi. Bina ilə ümumi istifadədə olduğu üçün lisenziya vermədilər, bunu başa düşdüm və geri addım atdım.

Bir yer var idi, həyəti də ayrıdır, təhlükəsizlik də yaxşıdır. Orda bir nüansı problem etdilər ki, camaşırxananın yeri metlax, divarları kafel deyil. Yer laminat, divar emosiya idi. Mən geri addım atdığım kimi qarşı tərəf də bu kimi xırda məsələlərdə güzəşt etməlidir. Tək prosedurlarla getsək, heç kim heç bir iş görməyəcək. Bəzi məqamlar var ki, heç kim üçün təhlükə deyilsə, onlarla bağlı köməklik etmək lazımdır. Ya o maddələri çıxarmaq lazımdır, ya da güzəşt etməlisən. Özbəkistanda necə olur ki, 60 kvadratlıq həyəti olan bağçaya lisenziya verilir, Azərbaycanda 1 hektar istənilir? Necə olur, Özbəkistanda 4 qrupa 2 “besedka”ya icazə verilir, Azərbaycanda deyirlər, hər qrupun özünün ayrıca “besedka”sı, oyun meydançası və oyun qurğuları olmalıldır. Bu nə qədər xərc və ərazi deməkdir.

Bu gün 65 faiz uşaq bağça ilə təmin oluna bilmir. Dövlət bütün uşaqları bağça ilə təmin edə bilməz. O qədər uşaq üçün bağça açmağa 1 milyard manat vəsait lazımdır. Tutaq ki açdıq, onları saxlamağa vəsait lazımdır. Təklif edirik ki, bu işi özəl sektora, dövlət-özəl tərəfdaşlığına versinlər. Şərait yaratsınlar, özəl sektor bağça açsın. Normativi asanlaşdır, hündürmərtəbəli tikilinin aşağısında bağça açmağa imkan ver.

İndi dövlət hər uşağa görə özəl bağçalara 250 manat ödəniş edir ki, bu da uşağın xərclərinin böyük hissəsini qarşılayır. Amma dövlət olaraq mənə normativlərdə imkan verməlidir ki, yeni bağçalar açım, valideynlər uşaqlarını qoymağa yer tapsınlar və uşaqların məktəbəqədər təhsilə cəlb olunma nisbəti artsın və biz də bu sahədə inkişaf edən dövlətlər sırasına daxil ola bilək. Bu imkan olduqda həm Azərbaycan uşağı qazansın, həm dövlət qazansın, həm də sahibkar qazansın. Sahibkarın isə qazanmağından qorxmaq lazım deyil. Biznesdə qayda var ki, iş adamı haradan pul qazanırsa, ora da investisiya edir.

Aygün Asimqızı

Seçilən
2
valyuta.az

1Mənbələr