Bu dünyada insanı ayaqda tutan sevgidir. Gözümüzü ilk açdığımız andan etibarən bizi isti nəfəsi ilə isidən ata-ana sevgisi, arxa-dayaq bildiyimiz bacı-qardaş sevgisi, canından ayrılan övlad sevgisi, dost, müəllim, sevgili və saysız-hesabsız biri-birindən gözəl sevgilər. Bu sevgilərin cəminin mərkəzində bir sevgi daha vardır. O da Vətən sevgisidir ki, bütün sevgilərin ən başında dayanır və heç bir sevda ilə müqayisəyə gəlmir. Bu sevda uğruna neçə-neçə igidlər canlarını qurban vermiş, qanlarını axıdaraq torpağı Vətən yoğurmuşdur. Bəlkə də, elə ona görədir ki, yurd yeri bu qədər qiymətlidir insan oğluna. Elə ona görədir ki, bizə əmanət olan torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq əsrlərdir.
1990-cı illər xalqımızın həyatında ağrı-acıları ilə yaddaşlarda qaldı. Azərbaycanımızın dilbər guşəsi olan Qarabağda və ətraf bölgələrdə, eləcə də Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd olan digər rayonlarında törədilən təxribatların nəticəsində başlayan birinci Qarabağ savaşı minlərlə evin çırağını söndürdü. Günahsız insanların amansızca qətl olunması, yurd-yuvasından didərgin düşməsi, biri-birinin ardınca yaşanan mənəvi sarsıntılar qan yaddaşımıza əbədi həkk olundu. Şəhid Məmmədov Abbas Əbülfəz oğlunun da nişanəsiz köçü yandırdı ata-anasının bağrını, göynətdi bacı-qardaşlarının ürəyini. Yurdumuzun hər yerində qara yaylıqlı gəlinlərin ahından göy üzünün bağrı yarıldı. Buludlar belə qan ağladı. Hər gün neçə-neçə şəhid xəbərindən üzlərdəki bütün xoş ifadələr öz yerini kədərə buraxdı, təbəssüm yad, qəm doğma oldu millətimizə.
İsti baxışını buz kəsən insanlardan biri də Abbası dünyaya min bir əzabla gətirən Fatimə ana idi. Məncə, elə bir insan yoxdur ki, dünyaya övlad gətirəndə onun taleyinin pis olacağını düşünə. Hamı kimi Fatimə ana və Əbülfəz ata da bəxtəvər günlərinin ilk nişanəsi olan Abbasın həyata gəlişinə sevinir, onun gələcəyi üçün bir-birindən gözəl planlar qururdu. Abbasın ilk hərəkətləri, ilk sözləri, ilk addımı, ilk yıxılmağı və ilk olan hər şeyi bu cütlüyə yaşamaq üçün daha da həvəs verir, onları bir-birinə bağlayırdı. O, balaca canı ilə bir ocağa nur olmuşdu. Gözəl gözlərindən ümid bəxş etmişdi ailəsinə. Parlaq bir gələcəyin ümidini.
İki bala dağı çəkən Fatimə ana ilə söhbət zamanı dedi ki, Abbas 1973-cü ildə fevral ayının altısında anadan olub: “Qışın oğlan çağında ömrümüzə bahar istiliyi gətirdi. O qədər əziz idi ki, anadan olanda da, dil açanda da, yeriyəndə də, məktəbə gedəndə də, xəstələnəndə də həmişə adına qurban kəsib evlərə paylamışıq. Onun ayağı sayalı idi. Atası da, mən də onun bizə uğur gətirdiyinin fərqində idik. Ondan sonra 1976-ci ildə bacısı Aynur, 1977-ci ildə bacısı Xədicə, 1981-ci ildə əkiz qardaşları Qabillə Habil dünyaya gəldilər. Hamısı tərbiyəli, mehriban idilər. Biz valideyn olaraq onlardan həmişə razı qaldıq. Abbas da onların içərisində seçilirdi.
Hələ körpəliyindən istiqanlılığı, mehribanlığı ilə məhəllədə, qohum-əqraba arasında özünə böyük sevgi qazanmışdı. Yaşının çox üstündə bir məntiqə, dərrakəyə sahib idi. Diqqətli və qayğıkeş uşaq idi. Böyüklərə hörmətlə, kiçiklərə mehr-məhəbbətlə yanaşardı balam. O var olduğu müddətcə kimsə ondan bir gülün ağırlığı qədər incimədi. 1979-cu ildə Qaraçuq kənd məkəbinin birinci sinfinə getdi, 1989-cu ildə məktəbi orta qiymətlərlə bitirdi. Məktəbdə oxuduğu illər ərzində nə atasının, nə də mənim üzümə söz gətirtdi. Bacı və qardaşlarına daima dəstək oldu. Hərəkətləri ilə nümunəvi şagird kimi müəllimlərin sevimlisinə çevrilmişdi. Sinif yoldaşlarının arasında da sayılıb-seçilən olub Abbas.
Məktəbi bitirən ili qardaşım Aslan Abbası öz yanına - Rusiya Federasiyasının Həştərxan vilayətinə apardı. Təxminən bir il müddətində Abbas orada dayısı ilə birlikdə qaldı. Məqsədi bir sənətə sahib olub Vətənə qayıtmaq idi. Amma fələk deyir sən saydığını say, gör mən nə sayıram. 1991-ci ilin mart ayında qardaşım üstü açılmayan bir cinayətin qurbanı oldu. 37 yaşında dünyasını dəyişən qardaşım qabaqda məni gözləyən neçə-neçə cavan dağının təməlini qoydu. Dünyam dağıldı sandım, qardaşımdan sonra. Övladlarım belə mənə təsəlli ola bilmirdi. Artıq Abbasın orada qalması mümkün deyildi. O qalmaq istəsə də, biz ona icazə vermədik. Atası gedib onu Vətənə gətrdi. Arada söz düşdükcə elə hey gileylənib deyirdi ki, qoymadınız orada qalıb bir peşə sahibi olum ki, indi də sizə dəstək olam. Amma artıq olan olmuşdu. Zaman həmişə öz işini görüb. Vaxt necə keçdi bimirəm. Bir də baxdım ki, xidmətə gedir balam.
1992-ci ilin iki yanvar tarixində həqiqi hərbi xidmətə yollandı. Əvvəlcə Naxçıvan şəhərində, daha sonra Şərurda, Sədərəkdə və Culfada xidmət edib Abbas. Sədərəkdə, Qarağac dağında ermənilərin torpağımıza hücumlarının qarşısının alınmasında igidlik göstərmişdi. Ara çox qarışmışdı o ərəfələrdə. Bir aydan artıq bir vaxtda ondan xəbər ala bilmirdik. Qəlbim dözmürdü bu nigarançılığa. Yoldaşımı məcbur edib dedim ki, dur get uşağımdan mənə bir xəbər gətir. Gedərkən ona tapşırmışdım ki, balamı tapsan onun corabını ayağından çıxarıb gətirsən inanaram ki, balam sağdır. Onun gətirdiyi bir cüt corabı iylədim və bildim ki, balam sağdır. Çünki bu Abbasımın ayağının iyi idi. Yaxşı yadımdadır döyüşlərin birində düşmən mərmisi çəkməsinin burnunu qoparmış, baş barmağını yaralamışdı. Bir müddətdən sonra yarası sağalsa da, barmağı işləmirdi Abbasın. Buna baxmayaraq xidmətinə davam edirdi. Bu hadisədən az sonra qonşulardan ora gedənlər olmuşdu. Abbasın çəkməsinin yararsız olduğunu görüb kimsə öz çəkməsini çıxarıb ona vermişdi. Çox çətin dönəmlər olsa da, torpaqlarımızın müdafiəsində yorulmadan, usanmadan dayanırdı igid oğullarımız. Müharibənin ən qızğın vaxtlarında yenə də Naxçıvandan Qarabağa, Qazaxa və digər bölgələrə orduya dəstək olmaq üçün əsgərləri aparırdılar. 1994-cü ilin noyabr ayının səkkizində döyüşə göndərilənlər içərisində Abbas da var idi. Hamı kimi biz də yoldaşımla tikan üstündə idik. Hər gün şəhid xəbəri gəlirdi. Gecəmiz gündüzə qarışmış, yuxu haram olmuşdu bizə də. İnsan canından, qanından olanı hiss edir. Bəlkə də, elə ona görə idi ki, Abbas Qazaxa getdiyi gündən dincliyimiz də onunla getmişdi. Noyabr ayının 22-də qorxduğumuz başımıza gəldi. Qızğın döyüşlərdə torpağımızın müdafiəsində canını fəda edən Abbasım həmişə arzusunda olduğu o uca məqama ucalıb şəhadətə çatdı. O arzusuna çatdı da çatmasına, biz isə qırılıb tökülmüş arzularımızın zavalı altında diri-diri can verdik. Nəşi noyabırın 25-də Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı. Cavan qardaş dağımın üstünə bir də nişanəsiz bala dağı çəkildi sinəmə. Qardaşımdan sonra heç özümü toparlamamışdım ki... Abbas da bir tərəfdən mənim dizlərimi qırdı, atasının belini bükdü gedişi ilə. Bacı-qardaşlarını yıxdı keçdi nakam taleyi ilə. Dövlətimiz və millətimiz əziz etdi balamı. Böyük bir izdihamla qarşılayıb yola saldıq şəhidimi. O qısa ömrünə əbədiyyəti sığdırdı. Qürürum acımdan böyük olurdu bəzən. Tək qalanda isə dərdimin ələyindən ələnib səpələnirdim yerə. Necə ağırmış bala dərdi. Tək təsəllim yüksəldiyi şəhidlik zirvəsi idi.
Amma, sən demə, mən bu dünyaya elə bu ağır sınaqları daşımaq üçün gəlibmişəm. Hər dəfə özümə gəlməyə çalışırdım ki, yenə bir zərbə alırdım bu amansız həyatdan.
Növbəti zərbə də Habildən gəldi. Nişan qoymuşdum ona. Toy edəcəkdim. Toya hazırlaşmaq üçün Türkiyəyə işləməyə getmişdi. Qəfil xəstəliyin güdazına gəldi o da. 2006-cı ilin iyun-avqust aylarında xəstələndi. 26 yaşında aylarla xəstəliklə mübarizə apardı. Bir ilə yaxın o amansız xəstəliyə qarşı apardığımız mübarizəmiz heç bir nəticə vermədi. Yenə də əllərim boş, gözlərim yaşlı qaldı. Necə yaman olurmuş bala dağı. Yandırıb külünü göyə sovururmuş adamın. Yoldaşım da, balalarım da bu ağır itkilərin təsirindən sarsıldı. Bir başa iki yumruq ağır gəldi. Yoldaşım da dözə bilmədi iki oğul dağına. O da balalarının yanına köçdü. Məni bu dərd meydanında tək buraxdı”.
Belə dərdləri olan anaya necə təsəlli verə bilərdim ki. Sadəcə susub qulaq asa bildim. Çünki sözün bitdiyi yerdə sükut hökm sürməlidir.
Abbasın döyüş yolu haqqında bir qədər geniş məlumat almaq istəyirdim. Ona görə də Fatimə anadan Abbasın döyüş yoldaşlarından kimisə tanıyıb-tanımadığını soruşdum. O da bir qədər düşünüb uşaqlardan soruşub deyərəm dedi.
“Bircə onu bilirəm ki, Abbas vurulduqdan sonra ən yaxın dostu olan Qurbanov Əli Murtuz oğlu tərfindən neytral zonadan çətinliklə də olsa çxarılır. Əli oğlumun əlini həkimlərin əlinə çatdırsa da, xeyli qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur”,- dedi ana.
Bir neçə gündən sonra Abbasın döyüş yoldaşlarından birini Murtuzov Sahib Məhərrəm oğlunu tapdığını söylədi Fatimə ana. Bu, məni sevindirdi. Çünki otuz ildən artıq bir zaman keçmişdi. Və kimisə tapıb Abbasın döyüş yolu ilə maraqlanmaq kimi şansımız az idi. Ana elə öz kəndlərindən olan Sahib bəylə əlaqə yaradıb məqsədimizi ona çatdırır. O da anaya özünün onun yanına gəlib xatirində qalanları danışacağını deyir. Və eyni zamanda deyir ki, mənə ayıb olar ki, mən şəhidimin anasının yanıma gəlməsini gözləyəm. Özüm anamın ayağına gəlib, yaşanmışları danışacam.
Bu dünya o zaman öz məhvərindən çıxacaq ki, sonuncu yaxşı adam öləcək!
Ananı ziyarət edən Sahib bəy Abbasla bağlı xatirələrini bölüşür. Və heç ananın da heç vaxt eşitmədiyi xatirələri dilə gətirir: “Biz Abbasla eyni vaxtda, 1992-ci il yanvar ayının ikisində kənddən çıxmışıq. Naxçıvan Muxtar Respublikası Milli Müdfiə Komitəsinə getdik. Oradan da Sədərəyə göndərdilər. Güclü döyüşlər gedirdi orada. Bizimlə birlikdə xidmət rotasında 60 nəfər var idi. Onlardan 17 nəfər Qaraxanbəy və Qaraçuq kəndlərindən, digərləri isə Muxtar Respublikanın digər rayon və kəndlərindən idi. Hamısı da biri-birindən cəsarətli idi. Abbas da aramızda seçilən igidlərimizdən idi. Vətən bizim üçün müqəddəsdir. Onun üçün canımızı qurban verməkdən heç bir zaman çəkinməmişik. Canını qurban verən oğullarımızdan biri də Abbas idi. Onunla Culfada, Ordubadda, Buzqovda amansız döyüşlərdə iştirak etmiş, düşmənlərimizə torpaqlarımızı tapdalamağa aman verməmişik. Abbas döyüşlərdə həmişə şücaət göstərib. 1994-cü ildə yollarımız ayrıldı və o, Qazaxa getdi. Təəssüf ki, bir ay çəkmədi ki, qara xəbərini aldıq. Onunla qürür duyuram ki, belə bir igidlə silahdaş olmuşam”.
Bəli bu gün biz məhz belə qəhrəman oğullarımızın sayəsində gecələri rahat yatırıq. Baxmayaraq ki, onlardan sonra doğmaları gecə ilə düşmən olublar. İndi onlar yatmağa onun üçün can atırlar ki, bəlkə oğülları yuxularında onlara qonaq gələr.
Nur içində yat, şəhidim. Mən yuxumu sənə borcluyam. Heç vaxt ödəyə bilməyəcəyim bir borc.
I Qarabağ müharibəsi şəhidi Abbas Məmmədovun anası Fatimə ananın dilindən:
Gedişinlə sevincimi götürdün
Ay gözümün nuru oğul, Abbasım,
Nolar, bir də bu ömrümə gəl bala.
Səni arxa bəlləmişdim özümə,
Söykəndiyim dağım idin, bir qalam.
Tanrı səni yazdı mənə bilirəm,
Qış ömrümə isti bahar gətirdin.
O istədi cənnətinə apardı,
Gedişinlə sevincimi götürdün.
Toy-bayramdı ilk gülüşün, ilk səsin,
Həyat sənlə mənasına qovuşdu.
Səndən sonra dadı qaçdı ağzımın,
Şaxta vurdu bağ-bostanım sovuşdu.
Darıxıram çıx gəl oğul nə olar,
Qardaşını, atanı da götür, gəl.
Pərişanlıq yağdı üstü-başımdan,
Başım üstdən çəkiləndən üç cüt əl.
Xəbər eylə gəldiyin gün qoy bilim,
Oğul, çıxım yollarına gül düzüm.
Zaman məndə getdiyin gün dayanıb,
İnan yoxdur sənsiz gecəm, gündüzüm.
19.01.2025
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi