AZ

Hər teatrın bir İlhamı olmalı... - Foto

Hər

“O vaxt İncəsənət İnstitutuna iki il sənəd verdim, qəbul oluna bilmədim. Növbəti ildə rektor, akademik Aslan Aslanov dedi ki, musiqi bacarığın var? Mən də qarmonda ifa etməyi bacarırdım, “Lalələr” mahnısını çaldım. Bilirdim ki, Telman Hacıyev bu mahnını Aslan Aslanovun sözlərinə bəstələyib. İfam Aslan müəllimin xoşuna gəldi, növbəti imtahan ədəbiyyatdan yazılı idi, maraqlandı, imtahandan əla qiymət aldığımı bilən kimi dedi ki, oğul, sən bu institutun tələbəsi olacaqsan...”

Əməkdar mədəniyyət işçisi, “YUĞ” Dövlət Teatrının direktor müavini İlham Hüseynov tələbəlik illərindən, incəsənət sahəsinə gəlişindən danışır. İlham Hüseynovun fevralın 7-də 60 yaşı tamam olur. Ömrünün 40 ildən çoxunu teatr sahəsində həsr edib.

“Bu sənətə hədsiz marağım var idi. 1982-ci il sentyabrın 9-da Dövlət Akademik Milli Dram Teatrına butaforçu kimi işə düzəldim, həmin gün teatrda hansısa rəsmi bir tədbir keçirilirdi, bədii hissədə Xalq artisti Əliağa Ağayev Cəfər Cabbarlının “Almaz” pyesindən bir parçanı oynamalı idi. Pərdə bağlı olduğundan Əliağa Ağayev səhnədə çıxışdan qabaq sözləri yadına salırdı. Məni görən kimi “Təzə işçimizsən?” - deyə soruşdu, mən də həyəcanla cavab verdim ki, bəli. Görkəmli aktyor özünəməxsus təbəssümlə dedi ki, səhnəyə, aktyora görməmiş kimi baxmağından bildim təzəsən...”

İlham Hüseynov milli teatr sənətimizdə iz qoymuş nəhəng sənətkarları yaxından gördüyünə, onlarla həmsöhbət olduğuna görə özünü xoşbəxt sayır: “Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Əliağa Ağayev, Hamlet Qurbanov, Hamlet Xanızadə, Səməndər Rzayev, Həsənağa Turabov... Belə əvəzsiz sənətkarlarla bir kollektivdə çalışmaq, hər gün onları yaxından görmək və həmsöhbət olmaq həqiqətən də böyük xoşbəxtlik idi”.


İlham Hüseynov

“YUĞ” Dövlət Teatrının ilk işçilərindən sayılan İlham Hüseynov bu kollektivə gəlişini belə xatırlayır: “1989-cu il idi, bir gün iş yoldaşım Eldar məndən haralı olduğumu soruşdu, dedim bakılıyam. Mən də təəccübləndim ki, görən nəyə görə maraqlanır. Bir az keçdi Eldar “Quruluş hissə müdiri işləyə bilərsən” - deyə soruşdu. Teatrda artıq təcrübə topladığıma görə özümə əmin idim, dedim, əlbəttə işləyə bilərəm. Eldar gətirdi məni Vaqif İbrahimoğlunun yanına və dedi ki, sizə quruluş hissə müdiri tapmışam. Onda bildim ki, Vaqif bəy Həsənağa Turabovun köməyi ilə “YUĞ” teatr studiyası yaratmağa hazırlaşır və kollektiv yığır. Həmin il oktyabrın 18-də, Vaqif İbrahimoğlunun ad günündə “YUĞ”-un ilk tamaşası təqdim olundu. Həmin axşam Şəhriyarın poeması əsasında hazırlanan “Salam” tamaşasını oynadıq. Vaqif bəy başda olmaqla kollektivin hər bir üzvünün həyəcanı,sevinci indi də kino lenti kimi gözümün qabağından keçir”.

Həmsöhbətim 35 ildən çoxdur ki, bu teatrda çalışır: “1992-ci ildə “YUĞ” dövlət teatrı statusunu aldı. 1994-cü ildə “YUĞ” Dövlət Teatrının direktor müavini vəzifəsinə təyin olundum. Vaqif İbrahimoğlu kimi savadlı rejissor, pedaqoq və insanla çalışmaq böyük məsuliyyət idi. Vaqif bəyin bu teatrla bağlı çox maraqlı planları var idi, təəssüf ki, amansız ölüm onun arzularını yarımçıq qoydu. Amma “YUĞ” onun övladı kimi yaşayır, ustadın sənətlə, teatrla bağlı istəklərini reallaşdırmağa çalışır. “YUĞ” milli teatrımızı, mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda, tədbirlərdə layiqincə təmsil edir. Türkiyədə, Misirdə, İranda, Rusiyada, Qazaxıstanda və başqa ölkələrdə keçirilən tədbirlərdə bunun şahidi olmuşam”.

60 yaşlı yubilyarın 35 ildən artıq çalışdığı kollektivlə bağlı bir arzusu var: “İllərimi bu sənətə sərf etdiyimə görə heç zaman peşman olmamışam, çünki sevdiyim işlə məşğulam, bu gün də üzərimə düşənləri böyük bir həvəslə yerinə yetirməyə çalışıram. Sağ olsunlar ki, zəhmətimi dəyərləndirib 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüblər. Teatrımızın tamaşaçıları bilir ki, xeyli vaxtdır Azərbaycan Dövlət Kukla Teatrının binasına sığınmışıq. Bu teatrın rəhbərliyi və kollektivi bizə hər zaman mehriban münasibət bəsləsə də, gəlin razılaşaq ki, ayrıca binamız olsaydı yaradıcılıqla daha keyfiyyətli məşğul ola bilərdik. Bu dəqiqə ən böyük arzum “YUĞ”u öz yeni binasında görməkdir. Bu yaxınlarda Mədəniyyət naziri Adil Kərimli kollektivimizin görüşünə gəldi, şəraitimizlə tanış oldu. Səmimi şəraitdə keçən həmin görüşdən sonra çox inanıram ki, cənab nazir “YUĞ”un ayrıca bina ilə təmin olunması üçün konkret addımlar atacaq”.

İlham Hüseynovu 60 illik yubileyi münasibəti ilə təbrik edirik. Hər bir teatr kollektivinin belə zəhmətkeş, işini sevən, məsuliyyətli insanlara ehtiyacı var.

Etibar CƏBRAYILOĞLU
Reyting.az
Seçilən
3
reyting.az

1Mənbələr