Rusiyada onkoloqlar xərçəngin müalicəsində orqan transplantasiyasına başlayıblar. Səhiyyə naziri Mixail Muraşko bu inkişafı “Budem Jit” mükafatlandırma mərasimindəki çıxışında bildirib.
Hafta.az-ın yazdığına görə, nazir Muraşko deyib ki, orqan transplantasiyası bütün dünyada geniş yayılmağa başlayan perspektivli üsul kimi önə çıxır. Muraşko, "Bu üsul xəstələrin, xüsusən də qaraciyər xərçəngi kimi bədxassəli şişlərin bəzi hallarda sağ qalma şansını artırır" deyib.
Nazir bu metodun hazırda Rusiya Səhiyyə Nazirliyinə bağlı federal mərkəzdə tətbiq olunduğunu və 2025-ci ildə belə əməliyyatların sayının artırılmasının planlaşdırıldığını bildirib. Muraşko vurğulayıb ki, Rusiyada biotibbi hüceyrə məhsullarının və immunobioloji preparatların inkişafı üzrə tədqiqatlar genişləndirilib. O, həmçinin bildirib ki, yeni dərmanların klinik sınaqları davam edir və yeni müalicə platformaları hazırlanır. Nazir bildirib ki, bu il ərzində ilk nəticələrin əldə olunması gözlənilir.
Səhiyyə nazirinin sözlərinə görə, Rusiyada “Sağlamlıq” adlı milli layihə çərçivəsində xərçəngin müalicəsində mühüm irəliləyiş əldə olunub. Bu layihə sayəsində həm ilk ildə xərçəng xəstələrinin ölüm nisbəti 22 faiz azalıb, həm də beş illik sağ qalma nisbəti 10 faizdən çox artıb.
Nazir Muraşko vurğulayıb ki, xərçəngin müalicəsində əldə olunan bu nailiyyətlər Rusiyanın səhiyyə sahəsindəki elmi və texnoloji inkişafının nəticəsidir.