AZ

Absurd sənəd...

Belçikanın yeni hökumətinin tələb irəli sürməsi qəbulolunmazdır

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi müəyyən xarici dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Məlumdur ki, bir sıra Qərb ölkələri Ermənistana havadarlıq etməklə məşğuldur. Belçikanın yeni formalaşmış hökuməti də ilk günlərdən bu yolu tutmaqdadır. 

Yeddi aylıq siyasi böhrandan sonra qurulan hökumət...

Əvvəlcə qeyd edək ki, Brüsseldə 236 gün davam edən danışıqlardan sonra yeni federal hökumətin formalaşdırılması ilə bağlı razılıq əldə olunub. Bu da təxminən Belçika Krallığında yeddi aylıq müzakirə deməkdir. Uzun müddət danışıqlardan sonra  siyasi böhranın qarşısını almaq üçün bir qrup siyasi partiya 2025-ci il fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurub. Gələcək Baş nazir Bart De Veverin rəhbərliyi altında qurulan sağçı yeni Belçika hökumətinin proqramı 200 səhifəlik bir sənəddir və orada bütün federal sahələr - vergi siyasəti, məşğulluq və işsizlik, pensiya sistemi, təhlükəsizlik, immiqrasiya, hərəkətlilik, iqlim, müdafiə və xarici siyasət yer alır. Məsələ ondandır ki, siyasi böhran şəraitində qurulmuş bu hökumət ölkənin daxili problemlərini həll etmək əvəzinə, öz proqramında Cənubi Qafqaza da yer verib. “Bu strateji əhəmiyyətli regionla təkcə dərin mədəni əlaqələrimiz yoxdur, həm də gələcək enerji təchizatımız və Asiyaya aparan nəqliyyat dəhlizi baxımından mühüm rol oynayır. Gərgin münasibətlər və davam edən münaqişələr, xüsusilə Ermənistan və Azərbaycan arasındakı vəziyyət Avropa və Belçikanın hədəfli yanaşmasını tələb edir. Biz açıq şəkildə tərəflərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini tələb edirik və Azərbaycana “Dağlıq Qarabağın” erməni əhalisinin təhlükəsiz geri qayıdışını təmin etməyə “çağırırıq”. İqtisadi, siyasi və humanitar əməkdaşlığın davam etdirilməsi ilə biz regionun sabitliyinə töhfə veririk”, -deyə  Belçikanın yeni hökumətinin siyasi proqramında iddia olunur.

Regionda Azərbaycansız heç bir layihə reallaşdırıla bilməz

Sənədin Cənubi Qafqaza və Azərbaycana aid hissəsinin nə qədər absurd olduğu açıq-aydın görünür. Çünki proqramda bəhs olunan enerji təhcizatı və nəqliyyat dəhlizi bilavasitə Azərbaycanla əməkdaşlıqdan keçir. Belə bir halda, Belçkanın yeni hökumətinin Ermənistanın maraqlarına uyğun mövqe sərgiləməsi və ölkəmizdən nələrisə tələb etməsi qəbulolunmazdır.

Digər tərəfdən, Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək. Sual olunur, Belçika Ermənistanın 30 illik işğalçı siyasətinə nə üçün heç vaxt etiraz etməyib? Bu ölkə  Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman diqqətdə saxlamayıb. Bununla yanaşı, Belçika beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib. Əgər beynəlxalq birlik obyektiv mövqe sərgiləsəydi, Ermənistana təzyiqlər göstərilsəydi, problemin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı. Məhz beynəlxalq birlik tərəfindən Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı torpaqlarını öz gücü ilə azad etməyə sövq edib. Bütün bunların fonunda Belçikanın yeni hökumətinin Azərbaycana qarşı hansısa tələblər irəli sürməsi yolverilməzdir.

İcma: Bu, etnik və dini əsasda ayrı-seçkilikdir...

Yeri gəlmişkən, məsələyə Qərbi Azərbaycan İcması da münasibət bildirib. İcmanın bəyanatında deyilir ki, Belçikanın yeni hökumətinin imzaladığı sənəddə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır. Qeyd olunub ki, koalisiya sazişində “dağlıq qarabağ” kimi ifadələrdən istifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. Bundan əlavə, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Bu, Belçika hökuməti tərəfindən Qərbi azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir.

“Belçika siyasi partiyalarının, ölkələrinə aidiyyəti olmayan bu kimi məsələləri sazişə daxil etmək və ayrı-seçkilik və beynəlxalq hüquqa zidd yanaşma sərgiləmək əvəzinə, ölkələrinin xroniki böhran içərisində olan siyasi sistemi ilə məşğul olmaları daha düzgün olardı. Biz Belçikanın yeni qurulmuş hökumətini azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyə son verməyə, bölgədə sülhə mane olan addımlardan çəkinməyə və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq”, -deyə bəyanatda vurğulanıb.

Nardar BAYRAMLI

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr