ABŞ iki qonşusu - Kanada və Meksika ilə ticarət müharibələrini müvəqqəti olaraq dayandırsa da, tariflər tətbiq etmək qərarına gəldiyi digər ölkə olan Çindən "cavab atəşi" ilə üzləşdib.
Xəbər verdiyimiz kimi, ABŞ Çindən idxal olunan məhsullara 10 faiz əlavə gömrük rüsumu (tarif) tətbiq etməyə qərar verib. Buna cavab olaraq Çin bəzi ABŞ məhsullarına yeni tariflər elan edib və Google-a qarşı yeni araşdırma başladıb.
Çin, ABŞ-dan idxal edilən kömür və mayeləşdirilmiş təbii qaza (LNG) 15 faiz rüsum tətbiq edəcək. ABŞ-dan gətirilən neft və kənd təsərrüfatı avadanlıqlarına da 10 faizlik rüsum tətbiq olunacaq.
Həmçinin Çin volfram (tungsten) əsaslı materiallara idxal nəzarəti tətbiq edərək, "Calvin Klein"in sahibi "PVH Group" və "İllumina"nı etibarsız şirkətlər siyahısına əlavə edib.
Tramp administrasiyası da 10%-lik tariflər qüvvəyə minməzdən əvvəl Çinlə danışıqlar aparmağı planlaşdırırdı. Bazar ertəsi Vaşinqtonda jurnalistlərə danışan Tramp deyib ki, Çinlə danışıqlar “yəqin ki, 24 saat ərzində” baş tutacaq.