AZ

Milli Məclisin yaz sessiyası başlayıb

Deputatlar ilk iclasda sessiyanın qanunvericilik işləri planını təsdiqləyiblər

Fevralın 3-də Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra çıxış edən spiker  Sahibə Qafarova bildirib ki, yeddinci çağırış Milli Məclis ötən sessiyasını uğurla başa vurub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. S.Qafarova qeyd edib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib. Deputatlarımız Asiya Parlament Assambleyasının komitə iclasında, ATƏT-in Parlament Assambleyasının büro iclasında, Şimali Kipr Türk Respublikasında keçirilən simpoziumda iştirak edib, Belarusda prezident seçkilərini müşahidə ediblər. 

Spiker yanvar ayının 21-də və 22-də Milli Məclis sədrinin başçılığı ilə  nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri haqqında ətraflı məlumat verib. Səfər çərçivəsində İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana, İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının, İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşlər keçirilib. Ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edilib. İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğu, ölkələrimiz arasında münasibətlərin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyi bildirilib. Eyni zamanda, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin böyük önəm daşıdığı bildirilib. Bu baxımdan, Azərbaycanın, xüsusən Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi mədəniyyət layihələrinin əhəmiyyəti vurğulanıb.

Görüşlərdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barəsində də fikir mübadiləsi aparılıb.

Yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək

Diqqətə çatdırılıb ki, sessiyalar arasındakı dövrdə Milli Məclisdə bir beynəlxalq tədbir - Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin səhiyyə məsələləri komitələrinin sədrləri, üzvləri və TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər. Eləcə də, bu dövrdə parlamentdə iki ictimai dinləmə keçirilib. Belə ki, yanvarın   30-da Səhiyyə komitəsinin keçirdiyi dinləmə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr edilib. Tədbirdə  Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, ali təhsil müəssisələrinin, tibb müəssisələrinin rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Elə həmin gün Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən dinləmədə Azərbaycan Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Bu tədbirdə Milli Məclisin deputatları, Gənclər Fondunun şöbə müdirləri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

S.Qafarova deyib ki, yeni başlanan yaz sessiyasında qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin illik hesabatı dinləniləcək: “Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2024-cü  ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik hesabat, məlumat və məruzələrini də dinləyəcəyik. Əminəm ki, Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcək”.

İntizam və Hesablayıcı komissiyalar yenidən formalaşdırılıb

Daha sonra iclasın 16 məsələdən ibarət gündəliyi təsdiq olunub. Cari məsələlərlə bağlı çıxışlardan sonra Milli Məclisin 2025-ci l yaz sessiyasının iş planı qəbul edilib. Eləcə də, parlamentin 7 nəfərdən ibarət Hesablayıcı Komissiyası yenidən formalaşdırılıb. Həmçinin, 11 nəfərlik İntizam Komissiyasının yeni tərkibi müəyyənləşdirilib.

Sonra Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun  yaradılması haqqında qərar qəbul olunub. Bu məsələ “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsində əksini tapıb.

Beynəlxalq saziş təsdiq edilib

İclasda həmçinin, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” təsdiq edilib. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Keçən ilin noyabrında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan bu sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır.

Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq, yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihə Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır və Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmət edəcək.

Qeyd edək ki, iclasın gündəliyində olan digər məsələlər də müzakirə edilərək qəbul olunub.

Nardar BAYRAMLI

Seçilən
5
yeniazerbaycan.com

1Mənbələr