AZ

Belçikanın qərəzli siyasəti: Azərbaycana qarşı ədalətsiz yanaşma – ÖZƏL

2025-ci ilin 31 yanvarında Belçika hökumətinə flaman millətçilərinin lideri, Yeni Flaman Alyansı (N-VA) partiyasının sədri Bart De Vever rəhbərlik etməyə başladı. "Arizona koalisiyası" adlı yeni hökumətin formalaşması, Belçikanın daxili çürük sistemini və siyasi vəziyyətini əks etdirir. Bununla belə, Belçika digər ölkələrə, xüsusilə Azərbaycana "mənəvi dərslər" verməkdən çəkinmir.

Belçika hökuməti, Cənubi Qafqazın strateji əhəmiyyətinə diqqət çəkərək,  Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin təhlükəsiz qayıdışını təmin etməsini tələb edir, amma Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri dönməsi məsələsini görməzdən gəlir. Bu, Belçika hökumətinin Azərbaycana qarşı etnik və dini ayrı-seçkilik siyasətini göstərir.

Mövzu ilə bağlı Olaylar.az-a danışan Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib ki, bu gün Avropanın bir çox dairələri Ermənistanı müdafiə edir:

"Belçika hökumətinin bu bədnam mövqeyi əlbəttə ki, Azərbaycana qarşı növbəti qərəzli, riyakar siyasətin bariz nümunələrindən biridir. Məlum olduğu kimi, Avropanın bir çox dairələri bu gün Ermənistanı müdafiə edir, hansı ki, Ermənistan 30 ilə yaxın Azərbaycanın suveren ərazilərini işğal altında saxlayıb və Azərbaycan xalqına qarşı soyqırım cinayətləri, etnik təmizləmə siyasəti həyata keçirib və bu gün təəssüf doğurur ki, Belçika hökuməti vaxtilə Ermənistanın işğalçılıq siyasətini pisləyən heç bir bəyanat səsləndirməmişdi. Amma bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən,  bölgədə yeni reallıqlar yaratdıqdan sonra Belçika və  digər Avropa ölkələri Azərbaycana qarşı haqsız və ədalətsiz, bəzi hallarda da düşmənçilik mövqeyi nümayiş etdirirlər".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan höküməti Qarabağda yaşayan ermənilərə heç bir təzyiq göstərmir, onlar könüllü olaraq bu əraziləri tərk ediblər.
 "Bunu bütün dünya yaxşı bilir ki, Qarabağda yaşayan ermənilər, etnik ermənilər özləri bu əraziləri tərk ediblər, yəni könüllü şəkildə və onlara qarşı heç bir təzyiq və təhdid olmayıb. Belçika hökumətinin Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsini "Dağlıq Qarabağ" kimi adlandırması da birbaşa olaraq  Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir və bu riyakar mövqe Azərbaycan dövlətində Azərbaycan xalqında və ictimaiyyətində haqlı olaraq təəssüf və böyük hiddət doğurur. Yaxşı olardı  ki, Belçika və digər Avropa ölkələri Azərbaycan xalqının Qərbi Zəngəzurda, ümumiyyətlə, Ermənistanın hazırkı ərazilərində tarixi ata- baba yurdlarında yaşama haqlarını tanısınlar və  Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə siyasətini pisləsinlər. Bu gün Qərbi Azərbaycandan qovulan 10 minlərlə, 100  minlərlə Azərbaycan vətəndaşı haqlı olaraq öz ata- baba yurdlarına, tarixi torpaqlarına qayıtmaq istəyirlər və orada yaşamaq istəyirlər. Niyə Belçika və digər bu kimi ölkələr həmin insanların hüquqlarını müdafiə etmirlər? Niyə həmin ölkələr Ermənistanın bu cür ayrı- seçkiliyinə qarşı bəyanat səsləndirmirlər?"

Sahil Kərimli Azərbaycanın Cənubi Qafqazda daim əmin-amanlıq istədiyini və Ermənistanla sülh bağlamağa hazır olduğunu vurğulayıb.

"Məlumdur ki, bu gün Azərbaycanın haqlı mövqeyi düşmənçilik hissi ilə qarşılanır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı bu cür hiddət doğuran kampaniyalar həyata keçirilir. Azərbaycan Cənubi Qafqazda daimi sülh və təhlükəsizlik istəyir. Azərbaycan istəyir ki, Cənubi Qafqaz ölkələri, xüsusilə də Ermənistanla sülh bağlanılsın və Cənubi Qafqazda sülh və əmin- amanlıq olsun. Bu gün sülhə, təhlükəsizliyə yeganə təhdid, işğalçı meyilli, mahiyyətli Ermənistandır. Bunu bütün dünya bildiyi halda, təəssüf ki, Ermənistana heç bir təpki göstərilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr