AZ

ABŞ-də yeni idarəetmə modeli: Söz azadlığı və demokratİya üçün TƏHLÜKƏ

ABŞ-də Donald Trampın yenidən prezident postuna gəlməsi ilə  qeyri-adi idarəetmə təlimatları meydana çıxıb. 

Onlardan biri Dövlət Effektivliyi Departamenti (Department of Government Efficiency - DOGE) adlı yeni strukturun yaradılmasıdır. Departamentə dünyaca məşhur sahibkar, “Tesla” və “SpaceX”-in rəhbəri İlon Mask rəhbər təyin edilib. 

Departamentin yaradılmasının rəsmi səbəbi ABŞ federal idarəetmə sistemini daha səmərəli hala gətirmək, bürokratiyanı ixtisar edib, gəlirləri artırmaq və israfçılığı aradan qaldırmaqdan ibarətdir. Mask öz bəyanatlarında bu layihənin 2 trilyon dollara qədər qənaət yaradacağını iddia edib. Ancaq bu yanaşma bır çox ekspert tərəfindən ciddi suallar doğurur. 

DOGE nədir? 

Donald Tramp seçkilərdə qalib gəkdikdən sonra elan etdi ki, onun həmfikiri və seçki kampaniyasının ən böyük sponsoru, “Tesla” və “SpaceX”-in rəhbəri İlon Mask yeni Dövlət Səmərəliliyi Departamentinə (Department of Government Efficiency - DOGE) rəhbərlik edəcək. Bu ad eyni zamanda Maskın sevimli kriptovalyutası olan DOGE (Dogecoin) ilə eyni olduğu üçün diqqət çəkib. 

“The Wall Street Journal” qəzetində dərc olunan proqram məqaləsində qeyd olunurdu ki, DOGE departamenti lazımsız normativ aktların aradan qaldırılmasına, bürokratiyanın və dövlət xərclərinin azaldılmasına fokuslanacaq. Departament federal agentliklərə öz insanlarını yerləşdirəcək, onlar isə hansı qaydaların sadələşdirilməli və ya ləğv edilməli olduğunu, hansı əməkdaşların işdən çıxarılmalı olduğunu və necə qənaət edilməli olduğunu müəyyənləşdirəcəklər. 

Mask bildirib ki, DOGE sayəsində qənaət 2 trilyon dollaradək – federal büdcənin təxminən üçdə biri qədər ola bilər. DOGE-nin yaradılması üçün Tramp Maskla yanaşı, onunla həmfikir olan sahibkar Vivek Ramasvamini də bu struktura daxil etməyi planlaşdırsa da, fikir ayrılıqları səbəbindən Ramasvami layihədən uzaqlaşıb. Departamentin tərkibinə texnologiya sektorundan iş adamları, proqramçılar və startap sahibləri daxil edilib. Bu komanda əsasən Sılikon Vadisindən toplanıb. DOGE-yə qoşulan şəxslərə maaş verilməyəcəyi bildirilib və onlardan minimum 80 saatlıq iş həftəsinə razılıq istənilib. İlon Mask bu prosesi "xidmət məramlı" adlandıraraq, "ABŞ-nin quruluş dövründə olduğu kimi fədakarlıq lazımdır",- deyib. 

DOGE federal agentliklərə necə daxil oldu? 

DOGE-nin ilk addımları ciddi rezonans doğurub. 28 yanvarda bu departament ABŞ-nin federal kadr idarəsi (OPM) üstündə nəzarəti ələ alıb. OPM-in yeni rəhbəri Maskın “xAI” şirkətinin sabiq kadrlar şöbəsinin rəhbəri Amanda Skeils təyin olunub. Bundan başqa, rəhbərlikdə texnologiya sektorundan olan gənc proqramçılar da yer alıb. DOGE-nin atdığı ilk addımlardan biri federal işçilərin distant iş rejiminin ləğv edilməsi olub. Bütün işçilərə 5 gün ofisə gəlmək tələbi qoyulub və əgər razı deyillərsə, sentyabra qədər məvacibləri saxlanmaqla işdən çıxmaları təklif edilib. Bu addım sosial şəbəkələrdə ciddi narazılıq yaradıb. 

Bundan sonra DOGE ABŞ-nin USAID və Maliyyə Nazirliyi də daxil olmaqla bir sıra qurumlarda təsir dairəsini artırmağa başlayıb. USAID-in bir çox rəhbər şəxsləri işdən çıxarılıb və təşkilatın fəaliyyətində xaos yaranıb. Mask bu agentliyin "artıq lazımsız olduğunu" və "tamamilə bağlanmalı olduğunu" bildirib. ABŞ-nin dövlət katibi Marko Rubio isə USAID-ın Dövlət Departamentinin nəzarətinə keçdiyini elan edib. 

DOGE həqiqətən effektivliyi artıracaq? 

DOGE təəccübli səkildə güclənən bir struktur kimi işləyir və bəzi ekspertlər bu departamenti bütün federal bürokratiyanı darmadağın edə biləcək bir alət kimi qiymətləndirir. Tənqidçilər DOGE-nin məqsədinin səmərəliliyi artırmaq yox, bütün federal sistem üstündə texnologiya sektoru vasitəsilə nəzarəti ələ almaq olduğunu düşünür. Bu, söz azadlığı və demokratik institutlar üçün təhlükəli bir tendensiya ola bilər. 

Seçilən
0
cebheinfo.az

1Mənbələr