AZ

Dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasından 104 il ötür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür. Alimin anadan olmasının 104-ci ildönümüdür.

Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub.

Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. O, 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib.

Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.

Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Lütfi Zadə 2017-ci il sentyabrın 6-da vəfat edib. Onun cənazəsi ABŞ-dən Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.

Almaz Həsənli

Seçilən
21
oxumeni.az

1Mənbələr