"Kriptovalyutalarla bağlı məsələlər ciddi narahatlıq və suallar doğurur".
Bu sözləri iqtisadçı ekspert Elman Sadıqov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hazırda 20 milyona yaxın "Bitkoin" ABŞ və ona yaxın şirkətlərin əlindədir:
"Bu isə çox təhlükəlidir. Çünki o şirkətlər "Bitkoin"i satdıqda qiymət çöküşü baş verə bilər. Dünya ölkələri də bunun fərqindədir".
Ekspert vurğulayıb ki, kriptovalyutalarla bağlı proqnoz vermək doğru deyil:
"Yəni kriptovalyutaların hansı səviyyəyə qədər qalxacağı və ya enəcəyi barədə proqnoz söyləmək doğru deyil. Bu, həm əhalini aldatmaq, həm də insanları yanlış yönə sürükləmək olar. Həmçinin, maliyyə məsləhəti kimi anlaşılma ehtimalı da var. Bütün bunlar insanlara maddi ziyan vura bilər. Ona görə də bu məsələlərdə ehtiyatlı mövqe tutmaq lazımdır".
Mütəxəssis ABŞ Prezidenti Donald Trampın yeni kriptovalyutası barədə də danışıb:
"Donald Trampın kriptovalyutası bu gün dəbdədir. Çünki Tramp faktiki olaraq hakimiyyətdədir, amma 4 ildən sonra o kriptovalyutanın vəziyyətinin necə olacağı bilinmir. Uzun müddətli investisiya üçün yararlı olduğu bəlli deyil. Qısamüddətli spekulativ əməliyyatlar üçün nə dərəcə yararlı olduğu da məlum deyil. Bu səbəbdən də daha ehtiyatlı mövqe sərgiləməyə ehtiyac var".
Elman Sadıqov qeyd edib ki, artıq tarif siyasətlərinin dünya iqtisadiyyatına təsirinin necə olacağı da bəlli deyil:
"Bunun ayrı-ayrı valyutalara necə təsir edəcəyi də bilinmir. Hazırkı gedişat nəinki kriptovalyutalar üçün, hətta bir çox başqa sahələrə də yaxşı heç nə vəd etmir. Bəlkə də yeni dünya nizamı formalaşdırmağı sürətləndirmək üçün bu gedişatı ssenari şəklində həyata keçirirlər.
Bəzən kriptovalyuta tərəfdarları onu qızılla bərabər tuturlar. Lakin hər bir halda o qızıl deyil. Kriptovalyuta ilə bağlı çox diqqətli mövqe tutmaq lazımdır. Kimlərinsə əlavə pulu varsa, alaraq investisiya edir. Amma risk edərək bütün vəsaiti ona yatırmaq doğru deyil. Çox təəssüf ki, buna görə kreditə girən insanlar da var. Bu məsələyə ciddi şəkildə baxmaq və ehtiyatlı olmaq lazımdır".
Pərviz