Çox maraqlı mövzuya toxunmaq istəyirəm, mövzu həm də ona görə maraqlıdır ki, dünya mətbuatı bu barədə susur. 5 noyabr seçkilərində dağıdıcı məğlubiyyətdən sonra Demokratlar partiyasının daxilində nələr baş verir?
Partiyanın daxilində çox ciddi ruh düşkünlüyü, demoralizasiya, çaşqınlıq və pərakəndəlik hökm sürür. Daxili qütblər məğlubiyyətin məsuliyyətini bir-birinin üzərinə atırlar və bir-birini günahlandırırlar. Əsas problem isə, liderin olmamasıdır.
Hal-hazırda faktiki olaraq liderlik edən şəxslərdən biri demokratların Nümayəndələr Palatasında lideri Hakim Ceffrisdir. Ceffris partiyada nəhəng yer alan liderlərdən biridir, möhtəşəm natiqdir, taktik və strateqdir, amma və lakin Ceffris, partiyanın vahid lideri miqyasında fiqur deyil və bu gün Trampa qarşı müxalifət lideri ola bilmir.
Qevin Nyusom.
Mavi(dem-ların nəzarətində olan) ştatların qubernatorları da hələ Trampa ciddi müqavimət göstərə bilmirlər. Kaliforniyadakı yanğınlar göstərdi ki, Tramp ölkənin maliyyə vəsaitlərini demək olar ki, özbaşına idarə edir. Məsələ ondadır ki, Kaliforniyanın qubernatoru, Demokratlar partiyasının potensial gələcək lideri Qevin Nyusom ştatın təbii fəlakətlə mübarizə aparması, yanğınların nəticələrini aradan qaldırması üçün vəsait almaq naminə Trampın ünvanına tənqid məsələsində geri addım atmağa məcbur oldu.
Partiyanın strukturunda fundamental dəyişikliklər gedir, kütləvi şəkildə 2-ci, 3-cü, 4-cü dərəcəli kadrların dəyişikliyi gedir. Beyin mərkəzlərində çalışan bir çox insanlar işdən çıxarılır və yenilərilə əvəzlənir.
Yeni tezislər, yeni konsepsiya, yeni taktika və yeni strateqiya üzərində iş gedir.
Yeni liderlərin axtarışı gedir. Trampa qarşı müxalifətçiliyin yeni konsepsiyası axtarılır. Elektoratın Trampa qarşı səfərbər olunmasının yeni yolları icad olunur.
Bu bir prosesdir, o, təbii şəkildə yetişir. Bir ay ərzində hər şeyi həll etmək, yeni liderlər təyin etmək, konsepsiyaları hazırlamaq, yol xəritələri cızmaq və s. mümkün deyil. Siyasi proses özü bu ağır suallara cavab tapmağa imkan verəcək və bunun üçün vaxt lazımdır. Demokratların 2026-cı ildə Konqresə ara seçkilərə qədər vaxtı var.
Politoloq Kamran Cəfərov
visiontv.az