“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının reytinqini "bb-" səviyyəsində təsdiqləyib.
“Report” agentliyə istinadən xəbər verir ki, bank sektoru kreditlərə tələbi stimullaşdıran və aktivlərin keyfiyyətini yaxşılaşdıran xammal qiymətlərinin yüksək olması fonunda əlverişli makroiqtisadi şəraitdən faydalanır.
Agentlik vurğulayır ki, Azərbaycanda kreditləşmənin artması neft qiymətləri və iqtisadi artımla sıx bağlıdır.
"2024-cü ildə kredit portfeli həm pərakəndə, həm də korporativ kreditlər hesabına təxminən 20 % artıb. Biz gözləyirik ki, infrastruktur investisiyaları və əsas faiz dərəcəsinin azalması 2025-2026-cı illərdə kredit portfelinin ikirəqəmli artımına səbəb olacaq. Bundan başqa, qiymətləndirmələrimizə görə, inflyasiya nəzərə alınmaqla daşınmaz əmlak qiymətləri ötən il 10-15 % artıb və 2025-ci ildə artımın yüksək birrəqəmli göstəricilərlə davam edəcəyini gözləyirik. Bankların tikinti sektorunda (2024-cü ilin sonuna ümumi kreditlərin təxminən 5 %-i) və ipoteka kreditləşməsində (eyni tarixə 15 %) məhdud iştirakı risk səviyyəsini qismən azaldır", - agentliyin hesabatında bildirilir.
“S&P Global Ratings” vurğulayır ki, tənzimləyici son iki ildə banklar üçün yeni korporativ idarəetmə standartlarını, əlaqəli tərəflərlə sövdələşmələri məhdudlaşdıran tənzimləməni, həmçinin Bazel III tələblərinə uyğun olan likvidliyin idarə edilməsi normalarını tətbiq edib.
"2025-2026-cı illərdə risk qiymətləndirməsinə əsaslanan nəzarətə keçid, Bazel III tələblərinə uyğunluq üçün kapital adekvatlığı strukturunun yenidən nəzərdən keçirilməsi və bankların stress-test tələblərinin gücləndirilməsi planlaşdırılır. Hesab edirik ki, bu təşəbbüslərin səmərəli şəkildə həyata keçirilməsi Azərbaycanda banklara nəzarət və tənzimləmə sistemini daha da gücləndirə bilər", - “S&P” qeyd edib.
Xatırladaq ki, “S&P Global Ratings” bu yaxınlarda Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini "müsbət"ə yüksəldib.