Ötən il ərzində ölkəyə 160 müasir elektrik mühərrikli avtobus idxal edilib, bu isə 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqlarla əvəzlənməsi hədəfinin icrası istiqamətində mühüm addım olub. İdxal olunmuş elektrikli avtobuslarla yanaşı, cari ildən etibarən sözügedən avtobusların ehtiyat hissələrinin yerli bazarda istehsalının təşkili də prioritet hesab olunur. 2024-cü ilin noyabr-dekabr aylarında "BakuBus" MMC 161 ədəd elektrik avtobusu (“ecobus”) istifadəyə verib. Sərnişindaşımanı yaxşılaşdırmaq üçün elektrik mühərrikli 1000-dək avtobus da alınacaq. Eyni zamanda Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.
Bəs elektrikli avtobusların sayının artması gedişhaqqına necə təsir göstərəcək, qiymətlərdə azalma ola bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Operativ Media-ya açıqlama verib.
O bildirib ki, ölkədə nəyinsə azalması ilə bağlı gözlənti olmamalıdır: "Bazarda müəyyən məhsul və xidmətlərin qiyməti arta və ya azala bilər. Lakin dövlət xidmətlərində qiymətlərin azalması ehtimalı sıfırdır. İctimai nəqliyyatda elektrikli avtobusların gəlməsi ilə bağlı gediş haqqının azalması gözlənilmir. Elektrikli avtobusların özünün müəyyən xərcləri olacaq. Bu avtobusların uzun müddət istifadə edilməsi ilə akkumulyator dəyişdirmə və digər texniki xidmətlər üçün əlavə xərc ortaya çıxacaq. Hələ ki, bu avtobusların baxım xərcləri haqqında dəqiq məlumat yoxdur. Elektrikli avtobusların sürücülərinin maaşları da yüksəkdir.
Ekspert bildirib ki, hazırda Azərbaycanda avtobus biznesi mövcud qiymətlərlə qazanclı rentabelli deyil: "Bu səbəbdən elektrikli avtobusların dövlət tərəfindən ölkəyə idxal olunması məcburiyyəti yaranır. Şəxsi sahibkarlar elektrikli avtobusları özləri almayıblar. Sahibkar bildirir ki, indiki qiymətlərlə avtobus xidmətindən mənfəət əldə etmək çətindir. Buna görə də elektrikli avtobusların sayının artması ilə gediş haqlarının azalması gözlənilmir".