Çin Amerika kömürünün və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına 15%, neft, kənd təsərrüfatı maşınları və iri mühərrikli avtomobillərin idxalına isə 10% tariflər elan edib.
“Meduza” xəbər verir ki, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında həmçinin bildirilir ki, Çin səlahiyyətliləri “Google”-a qarşı antiinhisar qanunlarını pozduğuna görə araşdırmaya başlayıb.
Bundan əlavə, Pekin ABŞ-ın hərəkətləri ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət etdiyini bildirib.
"ABŞ-ın birtərəfli tarif artımı qaydaları ciddi şəkildə pozur. Bu, nəinki öz problemlərinin həllində faydasızdır, həm də Çin və ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığına ziyandır", - nazirliyin bəyanatında deyilir.
Çin həmçinin volfram, tellur, vismut, molibden və indium məhsullarına ixrac nəzarətini gücləndirir.
Tədbirlər ABŞ prezidenti Donald Trampın fevralın 1-də elan etdiyi Çindən idxala 10 faizlik rüsum tətbiq etməsinə cavabdır.
Almaz Həsənli