Rəsmi Pekin ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara əlavə 10 faizlik verginin tətbiq edilməsi qərarına qarşılıq verib.
AzPost “The Associated Press”-ə istinadən xəbər verir ki, Çinin Ticarət Nazirliyi ABŞ-dən gələn kömür və maye təbii qaz (LNG) məhsullarına 15 faiz, xam neft, kənd təsərrüfatı maşınları və böyük həcmli avtomobillərə isə 10 faizlik tarif tətbiq edəcəyini açıqlayıb. Qeyd olunub ki, yeni tariflər fevralın 10-da qüvvəyə minəcək.
Ticarət Nazirliyinin yaydığı bəyanatda vurğulanıb ki, “ABŞ-nin birtərəfli tarif artımı Ümumdünya Ticarət Təşkilatının qaydalarını ciddi şəkildə pozur. Bu, yalnız öz problemlərini həll etməyə kömək etməməklə yanaşı, Çin ilə ABŞ arasındakı normal iqtisadi və ticarət əməkdaşlığına da zərər verir”.
Prezident D.Trampın Çindən idxal olunan mallara 10 faizlik tarifin tətbiq olunması qərarı fevralın 4-dən qüvvəyə minir.
“Reuters”in xəbərinə görə isə, Çin “Alphabet Inc”in (GOOGL.O) “Google” şirkətinin antiinhisar qanunlarını pozması şübhəsi ilə istintaq başlatdığını, “Calvin Klein” də daxil olmaqla bir sıra brendlərin sahibi olan “PVH Corp” və ABŞ-nin biotexnologiya şirkəti “Illumina”nı “etibarsız təşkilatlar” siyahısına daxil etdiyini bildirib.
Çin Ticarət Nazirliyi və Gömrük İdarəsi ayrıca olaraq “milli təhlükəsizlik maraqlarını qorumaq” məqsədilə volfram, tellurium, rutenium, molibden və ruteniumla əlaqəli məhsullar üzərində ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb. Təmiz enerji keçidi üçün kritik əhəmiyyət daşıyan bu nadir metalların qlobal təchizatında Çinin payı böyükdür.