Azərbaycanda həkimlərin reklam olunmasına qadağa qoyula bilər. Bu barədə Milli Məclisdə müzakirələr aparılır. Sözügedən təklif isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Qadağaya müsbət baxanlar olduğu kimi, narazı olanlar da az deyil.
Məsələyə qanuni aspektdən yanaşan hüquqşünas Ramil Süleymanov Yenisabah.az-a müzakirə olunan təkliflə bağlı bu fikirləri bildirib:
“Reklam olunmaq, reklam etmək dövlət tərəfindən məhdudlaşdırılan bir hüquqdur. Bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklik oluna bilər və bu heç bir problem yaratmır. Ancaq düşünürəm ki, qanunvericilikdə bu dəyişikliyi etmək üçün kifayət qədər əsaslandırıcı bir səbəb olmalıdır. Qeyd edim ki, belə olan təqdirdə qəbul olunan dəyişikliyin həmin peşə sahibləri tərəfindən qanunvericilik aktının müqayisələndirilməsi mümkündür”.
R.Süleymanov peşəkar həkimlərin reklamına qadağan olunmasının tərəfdarı olmadığını da açıqlayıb:
“Reklam haqqında qanuna bu cür əlavənin olunması Azərbaycan respublikasının beynəlxalq konvensiyalar üzrə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının ayrıseçkiliyin qadağan olunması haqqında protokola dair pozuntunu da özündə ehtiva edəcək. Ona görə peşəsində səriştəsi olmayan, düzgün nəticələri icra etməyən bir şəxsə görə digərlərinin də reklamının qadağan olunması beynəlxalq protokolla dövləti daha əlverişsiz duruma sala bilər. Bu səbəbdən hesab edirəm ki, bunun birdəfəlik qadağan olunmasının əvəzinə bu reklamların həyata keçirilməsi, ümumiyyətlə reklam verən şəxsin verdiyi məlumatlar cavabdeh qurumlar tərəfindən rəsmiləşdirilməlidir. Həqiqətən ürəkaçan nəticələr varsa, reklam olunmasına icazə verilməlidir. Hesab edirəm ki, bu həm reklam bazarına inamı daha da artırar, eyni zamanda peşəkar həkimlərin hüquqlarının pozulmamasına gətirib çıxarar”.
Aytac Şahin
Telegram kanalımız