AZ

Bu ərazilər iki dövlət arasında bölüşdürülə bilər: Tramp Kanadanı ilhaq etmək istəyir?

ABŞ Prezidenti Donald Trampın Kanadanın ABŞ-ın 51-ci ştatı olması ilə bağlı son bəyanatları beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Tramp "Truth Social" hesabında paylaşdığı mesajda, Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödədiklərini və bunun səbəbsiz olduğunu bildirib. O, Kanadanın ABŞ-ın 51-ci ştatı olması təklifini irəli sürərək, bunun Kanada xalqı üçün daha aşağı vergi və daha yaxşı hərbi müdafiə təmin edəcəyini qeyd edib. 

Bu açıqlama, iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin gələcəyi ilə bağlı müzakirələrə səbəb olub. Kanadanın Baş naziri Castin Trüdo isə Trampın bu təklifinə qarşı çıxaraq, ABŞ mallarına 25% tarif tətbiq edəcəklərini açıqlayıb. 

Trampın bu təklifi, həm ABŞ, həm də Kanada ictimaiyyətində müxtəlif reaksiyalar doğurub və iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı suallar yaradıb.

Məsələ ilə bağlı politoloq Turan Rzayev Ajans.az-a bildirib ki, Trampın bu açıqlaması zahiri görüntü ilə həqiqi məna arasında fərqlər yaradır:

"Trampın Kanadaya yönəlik planı yalnız ABŞ-Kanada münasibətləri çərçivəsində deyil, eyni zamanda ABŞ və Böyük Britaniya arasındakı tarixi bağlarla da əlaqələndirilməlidir. Kanada dominion ölkə statusunda olduğuna görə, Britaniya krallıq ailəsinə bağlıdır və Millətlər Birliyinin üzvüdür. Hətta Kanadanın konstitusiyasında belə bir müddəa var ki, Kanada Britaniya kral ailəsinin Kanada xalqına "hədiyyəsidir". Bu baxımdan, ABŞ-ın Kanadanı tam şəkildə ilhaq edəcəyi real görünmür. Trampın fikirləri daha çox siyasi manevr və ritorikadır".

Rzayev qeyd edir ki, Trampın əsas məqsədinin Arktika bölgəsindəki təbii sərvətlərin nəzarətə alınmasıdır:

"Qlobal istiləşmə nəticəsində buzların əriməsi Arktika bölgəsində karbonhidrogen ehtiyatlarının üzə çıxmasına səbəb olub. ABŞ bu təbii sərvətlərin istifadəsində dominant mövqeyə malik olmaq istəyir. Bu kontekstdə Tramp yalnız Kanadadan deyil, Qrenlandiyadan da danışır. Qrenlandiya Arktika bölgəsinin ən böyük ərazilərindən birinə sahibdir və onun strateji əhəmiyyəti böyükdür. Çin bu regionda çoxdan aktiv fəaliyyət göstərir, Rusiyanın sərt iqlimə malik Sibir bölgəsində bəzi əraziləri icarəyə götürüb və qaz idxalına başlayıb. ABŞ isə Çinin artan təsir dairəsindən narahatdır".

Politoloq əlavə edib ki, Trampın bu addımları əsasən Çinin qlobal iqtisadi və siyasi təsirini balanslaşdırmaq məqsədi daşıyır:

"Çin təkcə Arktikada deyil, Panama kanalında da limanlar icarəyə götürərək qlobal ticarətdə təsirini genişləndirir. ABŞ isə bu prosesin fərqinə gec varıb və indi qabaqlayıcı addımlar atmaq istəyir. Nəticə olaraq, Trampın Kanadanı ilhaq etmək istədiyi barədə açıqlamaları daha çox ABŞ-ın Arktikada üstünlük əldə etmə niyyətinin siyasi ritorikasıdır. Əsas hədəf isə Çinin güclənən mövqelərinin zəiflədilməsidir".

Seçilən
0
Ajans.az

1Mənbələr