Bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru səlahiyyətlərini müvəqqəti icra edəcəyini açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
"Mən USAID direktoru səlahiyyətlərini icra edirəm", deyə Mərkəzi Amerika ölkələrinə turne həyata keçirən Rubio jurnalistlərə bildirib.
Dövlət Departamentinin press-relizində deyilir ki, USAID "Amerikanın maraqlarını xaricdə təşviq etməkdən ibarət olan ilkin missiyasından çoxdan yayınıb və USAID-in maliyyələşməsinin böyük hissəsi ABŞ-ın əsas milli maraqlarına uyğun deyil".
"USAID-in fəaliyyətinə nəzarət və onun fəaliyyətinin daha yaxşı başa düşülməsi üçün aralıq addım kimi prezident Donald Tramp katib Marko Rubionu administrator səlahiyyətlərini icra edən şəxs təyin edib", deyə press-relizdə bildirilir.
Rubio həmçinin Konqresə mümkün yenidən təşkil məqsədilə USAID-in xarici yardımın göstərilməsi fəaliyyətinin nəzərdən keçirildiyi haqqında məlumat verib.
"Dövlət Departamenti Amerika xalqının maraqlarını qorumağa və onun vəsaitinin əbəs yerə xərclənməməsinə nəzarət etməyə davam edəcək", deyə məlumatda qeyd edilir.