ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilən məhsullara 25%, Çindən idxal edilən məhsullara isə 10% tarif tətbiq edilməsi barədə sərəncam imzalayıb. Yüksək tariflərə məruz qalan Kanada, Meksika və Çinin cavab tədbirləri planlaşdırdığı ehtimal olunur.
Məlumaata görə, Kanada 105 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Meksika isə atacağı addımlarla ABŞ-nin “General Motors” və “Ford Motor” şirkətlərinin zərərə uğrayacağını bildirib.
Həmçinin Çin iki dövlət arasında iqtisadi və ticarət əməkdaşlığına əngəllər yaradılmasının mənfi nəticələri barədə xəbərdarlıq edilib.
Maraqlıdır ki, Tramp dövründə beynəlxalq ticarət müharibəsi baş verə bilərmi?
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dünyada ticarət müharibələri artıq başlayıb.
Onun sözlərinə görə, ABŞ-Çin, ABŞ-Kanada, ABŞ-Meksika, ABŞ-Avropa İttifaqı arasındakı gərginliklər bu müharibələrdən xəbər verir:
"Bu baxımdan Avropa İttifaqı və Çin əks tədbirlər görmək məcburiyyətində qalıb. Bu, artıq müqavimətdir və müharibə elementləri sayılır. Ənənəvi qiymətlər zəncirləri qırılır və yeni qiymət zəncirlərinin yaradılması zəruri hala gəlib. Digər tərəfdən, həmin ölkələr ABŞ-yə qarşı koordinasiyalı şəkildə siyasət aparacaqlar. Bu, yeni iqtisadi sövdələşmələrin meydana gəlməsinə səbəb olacaq. Nəticədə dünyanın iqtisadi xəritəsinin yenidən formalaşmasına təsirsiz ötüşməyəcək".
Dünya iqtisadi səhifəsində yeni qruplaşmaların yarandığını qeyd edən İ.Vəlizadə hesab edir ki, Çin və Avropa İttifaqı arasındakı münasibətlər də dəyişə bilər. Çünki indiki məqamda hər iki tərəfə alternativ bazarlar lazımdır.
"Avropa İttifaqı üçün yaranmış vəziyyətdə Çin bazarı ABŞ bazarına alternativ variant kimi görünür. Eyni zamanda Çin istehsalçıları üçün Avropa İttifaqı bazarı alternativ bazardır. Ona görə də mövcud vəziyyət iki nəhəng iqtisadiyyatın yaxınlaşmasına səbəb ola bilər. Bu, son nəticə etibarilə Amerikanın xeyrinə olmayacaq", - deyə müsahibimiz vurğulayıb.
İlqar Vəlizadə: Qarşıdakı dövrdə geoiqtisadi proseslər geosiyasi məsələləri üstələyəcək
Politoloqun proqnozuna əsasən, iqtisadi sferada baş verən son proseslər inflyasiyanın yaranmasına səbəb olacaq. Çünki Avropa İttifaqı, Çin və ABŞ-də məhsul qıtlıqları müşahidə olunacaq:
"Görünən odur ki, qarşıdakı dövrdə geoiqtisadi proseslər geosiyasi məsələləri üstələyəcək. Hər kəsin əsas məqsədlərindən biri Yaxın Şərqdəki gərginliklər və Rusiya-Ukrayna müharibəsinin dayanmasıdır. Bu halda bəşəriyyətin diqqəti ticarət müharibələrinə yönələcək və yeni iqtisadi-siyasi mühit formalaşacaq".
Gülşən Şərif