Kanye Uest arvadının "Qremmi"yə çılpaq qatıldığı üçün qovulmalarına dair ilk dəfə açıqlama verdi
ABŞ-li reper Kanye Uest həyat yoldaşı Byanka Senzorinin "Qremmi" mükafatlandırma mərasiminə çılpaq qatılması ilə bağlı qalmaqal barədə ilk dəfə açıqlama verib.
Bu barədə "X" hesabında paylaşım edib.
Uest Senzori fotoqrafların qarşısına tam şəffaf paltarda çıxdığı üçün mərasimdən qovulmalarına dair şayiələri təkzib edib.
Musiqiçi, həmçinin teleaparıcı Don Lemonun fotosunu dərc edib və bu işdə onu ittiham edib.
"Bu, onillik innovativ musiqi fəaliyyətindən sonra mənim və həyat yoldaşımın "Qremmi"dən qovulduğumuz barədə şayiələrin yayılmasına səbəb olan axmaqdır", - deyə o, fotoya şərh verib.
Qeyd edək ki, daha əvvəl İlon Maskla münaqişədə olan Lemonun həqiqətən də söz-söhbətlərin arxasında olduğuna dair sübut yoxdur.
Kanyeyə yaxın mənbə bildirib ki, "Ən yaxşı rep mahnısı" nominasiyasına namizəd olan Kanye Uest mərasimdə iştirak etmək hüququna malik idi, lakin yalnız şəkil çəkdirib ayrılmağı planlaşdırırdı və "Qremmi"ni də öz istəyi ilə tərk edib.
Xatırladaq ki, Los-Ancelesdə sayca 67-ci dəfə keçirilən "Qremmi" musiqi mükafatına həsr olunmuş tədbirdə qalmaqal baş verib.