AZ

Qusarda əməliyyat: “İnsanların canına zərər yetirə və siyasi sabitliyi poza bilərlər”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) fevralın 3-də birgə məlumat yayaraq ictimaiyyəti Qusar rayonu ərazisində keçirilmiş əməliyyatla bağlı məlumatlandırıblar. Məlum olub ki, ötən ilin payızında başlamış əməliyyat nəticəsində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşmanın 8 üzvü zərərsizləşdirilib, 6 nəfər həbs olunub.

Bu, Qusar ərazisində aşkarlanan 2-ci terrorçu qrupdur. Bundan əvvəl, 2008-ci ildə “Meşə qardaşları” adlı qrup zərərsizləşdirilib.

Jurnalist və hərbi ekspert Heydər Mirzənin “Yeni Sabah”a müsahibəsində birgə məlumatdakı faktlar və digər maraqlı məqamlarla bağlı fikirlərini bölüşüb:

- DTX və DİN-in əməliyyatından hələ bir neçə gün keçib. Düşünürəm ki, yaxın zaman ərzində ya DTX, ya da digər müvafiq qurumlar media və ictimaiyyətə daha təfərrüatlı məlumat veriləcək. 

1990-cı illərdə bu yana dini-ekstremist qruplaşmalarla Dağıstan ərazisində fəaliyyət göstərən qruplaşmalar arasında əlaqələr vardı. Onlar gizli dağ keçidləri ilə Dağıstana keçib, daha sonra geri qayıda bilirdilər. Bu əlaqələr 2000-ci illərin sonunda “Meşə qardaşları”nın bədnam fəaliyyəti ilə ortaya çıxdı. 

Azərbaycanın sərhəd qoşunları və müvafiq güc strukturlarının fəaliyyət keyfiyyəti artıq əvvəlki illərdəkindən xeyli fərqlənir. Bu, faktor mütləq nəzərə alınmalıdır.

- Niyə görə vəhhabi ideologiyalı qruplar məhz Azərbaycanın şimal ərazilərində aşkarlanır? 

- Bunun obyektiv səbəbi var. Vəhhabilik radikal təmayüllü sünni məzhəbi mövqeləndirir. Azərbaycanda isə sünni əhalinin əksəriyyəti şimal zonalarında, Dağıstanla həmsərhəd bölgələrdə yaşayır. 

- Bundan öncə İŞİD, “Əl-Qaidə” kimi beynəlxalq terror qruplaşmaları xəritələr yayımlayaraq, Azərbaycan ərazisini “əmirlik”lərin" ərazisi kimi qeyd ediblər. Azərbaycanın şimalındakı qruplar bu təşkilatların səpdiyi toxumlardır?

- Biz çox mürəkkəb regionda yaşayırıq və regionumuzun Yaxın Şərqlə və Şimali Qafqazla çox sıx əlaqələri var. Faktiki olaraq, Cənubi Qafqaz bir körpüdür. Əvvəldə qeyd etdiyim kimi, burada ən əsas faktor eyni dinə mənsub olan əhalinin yaşamasıdır. Təbii ki, bu regionlarda ən azı 1990-cı illərdən bu yana təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə oxşar radikal silahlı qruplaşmaların fəaliyyəti vaxtaşırı olaraq müşahidə edilir.

Düşünürəm ki, güc strukturlarımız, hüquq-mühafizə orqanlarımız öz fəaliyyətlərini gecə-gündüz davam etdirməlidir. Digər tərəfdən, həm suveren şəkildə, həm də qonşu dövlətlərlə beynəlxalq əməkdaşlıq formasında bu kimi qanunsuz silahlı qruplaşmalara qarşı birgə əməliyyatların keçirilməsi də zəruridir. Çünki “Meşə qardaşları” və bu tip qruplaşmalar mövsümdən, hava şəraitindən, qarşılarına qoyduqları məqsədlərdən asılı olaraq, bir ay burada, bir ay sonra başqa dövlətin ərazisində ola bilər.

Məhz buna görə belə qruplaşmalarla mübarizə transmilli xarakter daşıyır. Çünki özlüyündə terror bir dövlətin sərhədləri ilə məhdudlaşmır. Bir fenomen olaraq, terror və terror təşkilatları da təkamül edir.

- Əvvəlki illərdə Əfqanıstan, İraq və Suriyada qanunsuz döyüşmüş vəhhabi meylli bir çox Azərbaycan vətəndaşı qanunsuz hərbi birləşmələrdə iştiraka görə mühakimə olunub, amma indi, məsələn, Suriyada situasiya dəyişib. Bir vaxtlar terrorçu adlandırılanlar indi hakimiyyətdədir. Bu halda Azərbaycanın rəsmi mövqeyi necə olmalıdır? Orada hələ də qanunsuz hərbi birləşmələrə cəlb olunan azərbaycanlılara hüquqi yanaşma dəyişəcəkmi?

- Xüsusən, İraq və Suriyada İŞİD-lə bağlı münaqişənin pik vaxtlarında Azərbaycanın güc strukturlarında statistika var idi. Bütün bunlara nəzarət olunurdu. Suriya və İraqda baş verən hərbi əməliyyatlarda iştirak etmiş azərbaycanlıların bir qismi məhv edilib, bir qismi isə silahlı fəaliyyətlərdən əl çəkərək, itib-batıb. Başqa qismi sağ olaraq Azərbaycana gətirilib. Ancaq bir şey var ki, bu insanların sayı az olsa da, terror terrordur.

Yəni kiçik, yaxud böyük həcmli qruplaşma olmasına baxmayaraq, insanların canına zərər yetirə və siyasi sabitliyi poza bilərlər. Ona görə də, bunun təhlükəsini şişirtməməklə bərabər, kiçiltmək də olmaz. Xüsusənə, İraq və Suriyadakı əməliyyatlarda iştirak etmiş, döyüş təcrübəsi qazanmış, silahla davranış, qrupla hərəkətetmə və bu kimi hazırlığa malik olan insanlar hər zaman təhlükəlidir.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
24
yenisabah.az

1Mənbələr