AZ

Kahramanmaraşda Azərbaycan məhəlləsi: mənzillər bu tarixdə VERİLƏCƏK

2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdə zərər görən Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən inşa edilən yaşayış məhəlləsində işlər tamamlanmaq üzrədir.

Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Jurnalistlər Şurasının Kahramanmaraş üzrə nümayəndəsi Bekir Doğan bildirib.

O bildirib ki, Azərbaycan məhəlləsində işlərin 90 faizi başa çatıb.

Jurnalist qeyd edib ki, Azərbaycan məhəlləsində tikilmiş mənzillər fevralın 6-da təhvil veriləcək:

“Azərbaycan məhəlləsi çox gözəl oldu. Hətta dünən qarşısında canlı yayımda etdim. İşlərin 90 faiz yekunlaşıb. Sadəcə ətrafın təmizlənməsi, elektrik və su xətlərinin qoşulması, peyzaj işləri qalıb. Ayın 6-da buradakı mənzillərin təhvil verilməsinə başlanılacaq. Burada 10 min mənzil var. 4 nəfərlik ailə olsa 40 min, 5 nəfərlik ailə olsa 50 min nəfər əhalinin yaşayacağı bir yerdir.

Digər yandan TOKİ, "Emlak Bank"ın zəlzələdən zərər çəkmiş şəxslər üçün tikilmiş mənzilllərində də işlər davam etdirilir. Hazırda zəlzələdən zərər çəkmişlərin  yarıdan çoxunun mənzili onlara təhvil verilib. 6 və 13 fevral tarixlərində yenə də təhvil mərasimləri keçiriləcək. Bu ilin sonunda Kahramanmaraşın kəndlərində, rayonlarında mənzilləri olmayan, konteynerlərdə qalan insan olmayacaq”.

Qeyd edək ki, Layihə həm sakinlərin, həm də biznes sahiblərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Mənzillərin bir çoxu zəruri məişət əşyaları ilə təmin olunub və tam hazır vəziyyətə gətirilib.

Layihənin qısa müddətdə tam başa çatdırılması və sahiblərinə təhvil verilməsi nəzərdə tutulur.

Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi yeni yaşayış massivində abadlıq işləri aparır və asfalt örtüyü çəkir.

Bələdiyyə sədri Fırat Görgel bir neçə gün əvvəl bildirib ki, yenidənqurma və abadlıq işləri çərçivəsində həyata keçirilən layihələrlə şəhər daha müasir, yaşana bilən və dayanıqlı yaşayış məntəqəsinə çevriləcək,

“Müasir yollarla, yaşıllıqlarla, yeni yaşayış massivlərinin ətrafında sosial obyektlərlə şəhərimizi gələcəyə hazırlayırıq. Kahramanmaraşın yenidən yüksəlişi birlik və həmrəylik içində davam etdirdiyimiz bu səylərlə mümkün olacaq”, - o qeyd edib.

Azərbaycan Hökumətinin xətti ilə “Azərbaycan” massivi ərazisində görülən işlər 100 milyon dollar dəyərində qiymətləndirilir.

Seçilən
7
modern.az

1Mənbələr