AZ

Niko Qonsales 60 milyon avroya “Mançester Siti”də

Portuqaliyanın “Portu” klubunun mərkəz yarımmüdafiəçisi Niko Qonsales bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə nəgənfinin rəsmi saytına istinadən xəbər verir.

Premyer Liqa təmsilçisi bu transfer üçün “Portu”ya 60 milyon avro ödəyib. 23 yaşlı ispan futbolçu yeni klubu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb.

Tam adı Nikolas Qonsales İqlesias olan yarımmüdafiəçi İspaniya nəhəngi “Barselona”nın yetirməsidir. “Valensiya”da da oynamış ispan futbolçu 2023-cü ildən “Portu”da çıxış edirdi. O, Portuqaliya nəhənginin heyətində meydana çıxdığı 68 oyunda 9 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

Niko Qonsales İspaniyanın U-17 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Mançester Siti”də iki ayrılıq da qeydə alınıb. İngiltərə klubunun dayaq yarımmüdafiəçisi Yakob Rayt “Norviç Siti”yə keçib. 19 yaşlı ingilis futbolçu bu mövsümün sonunadək icarədə olacaq.

“Mançester Siti”nin öz yetirməsi olan Yakob Rayt bu klubun əsas komandasında 4 oyun keçirib. O, İngiltərənin U-17, U-18 və U-19 yığmalarında oynayıb, hazırda isə U-20-də çıxış edir.

“Mançester Siti”nin sol vingeri Joel Ndala da “Nottingem Forest”ə keçib. “Meşəçilər” də 18 yaşlı ingilis futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüblər.

Joel Ndala futbola “Port Veyl”də başlasa da, “Mançester Siti”nin yetirməsi hesab olunur. O, cari mövsümün ilk dövrəsini Niderlandın PSV klubunun gənclərdən ibarət komandasında icarədə keçirib. Ndala İngiltərənin U-16, U-17, U-18, U-19 yığmalarında oynasa da, “Mançester Siti”nin əsas komandasında debüt şansı qazanmayıb.

Seçilən
8
arena.az

1Mənbələr