AZ

Buraxılışda iştirak etmək üçün şəxsi kabinət yaradılmalıdır? - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona üçün 2 mart, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona üzrə isə 9 mart tarixində həyata keçiriləcək. Məlumdur ki, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər şəxsi kabinet yaratmalıdırlar. Bəzən buraxılış imtahanında iştirak etmək üçün "Şəxsi kabinet"in yaradılması ilə bağlı abituriyentlərdə çaşqınlıq yaranır.


Bəs, görəsən, buraxılış imtahanında iştirak etmək üçün də şəxsi kabinetin yaradılması zəruridirmi?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, "Şəxsi kabinet" istənilən vaxt yaradıla bilər:


“Bunun üçün Dövlət İmtahan Mərkəzinin (DİM) saytında şəxsiyyət vəsiqəsinin məlumatlarından istifadə etmək kifayətdir. Yəni abituriyent şəxsi kabinetini hansısa bir imtahandan əvvəl yaratması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Dövlət İmtahan Mərkəzinin xidmətlərindən istifadə etmək istəyən istənilən şəxs öz şəxsiyyət vəsiqəsinin məlumatları əsasında şəxsi kabinet aça bilər. 


Buraxılış imtahanında iştirak etmək üçün şəxsi kabinetə ehtiyac yoxdur. Belə ki, şəxsi kabineti adətən abituriyentlər qəbul imtahanında iştirak etmək üçün yaradırlar. Hər bir məktəbdə təhsilalanların şagird kodu var. 
Həmin kod və şəxsiyyət məlumatları əsasında buraxılış imtahan iştirakçıları öz vərəqələrini çap edirlər. Yaxud buraxılış imtahanlarında məktəblərə də icazə verilir ki, onlar öz imtahan iştirakçıları üçün həmin vərəqələri çap edib şagirdlərə təqdim edə bilərlər. Yəni belə bir imkan var”.

 

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, şəxsi kabinet birdəfəlik yaradılır:

 

“Qəbul imtahanının I mərhələsində iştirak etmək üçün 20 fevral- 5 mart tarixində qeydiyyat aparılacaq. Qeydiyyat iki mərhələli olur. Birinci mərhələnin tarixi 20 fevral- 5 martdır. Həmin qeydiyyat mərhələsindən keçmək üçün şəxsi kabinet yaradılmalıdır. O şəxsi kabinetin müəyyən istifadəçi adı var. Onlar daha sonra parol müəyyən edirlər. Artıq DİM-in keçirdiyi bütün proseslərdə, imtahanlarda həmin o şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edirlər. Bu kabinet birdəfəlik yaradılır. Tutaq ki, bir nəfər bir neçə dəfə şəxsi kabinet yarada bilməz. 


Çünki şəxsi kabinet şəxsiyyət vəsiqəsinin məlumatları əsasında yaradıldığı üçün birdəfəlik yaradılır. Məsələn, bir şəxs ali təhsil müəssisəsinə qəbul olmaq üçün şəxsi kabinet yaradıbsa o, daha sonra magistraturaya sənəd verəndə də həmin kabinetin məlumatlarından istifadə edəcək”, - deyə qeyd edib.

Seçilən
10
azedu.az

1Mənbələr