"Trampın taarif “müharibələri”, kəskin ritorikası artıq bəhrəsini verir – Kolumbiya, Panama, Meksika geri addım atdı, növbədə Kanada və Çindir. Taarif ritorikası danışıqlar üçün təməl yaradır, qarşı tərəfi güzəştlərə vadar edir. 2023-cü ildə (2024-ün tam məlumatları yoxdur), Meksika ixracının 79%-i (!!!) ABŞ-a olub, ümumi ixarac 472 mlrd. dolları keçib. Əgər 25% taarif artımı qalsaydı, Meksika iqtisadiyyatına böyük zərbə dəyəcəkdi. Amma Meksika geri addım atdı – qeyri-leqal miqratlarla mübarizə üçün ABŞ sərhəddinə 10 min ordu göndərdi, sərhədi möhkəmləndirəcəyinə, narkotrafiklə mübarizəyə söz verdi. Deməli, Trampın taktikası işlədi".
Bu sözləri Sitat.info-ya açıqlamasında Real Partiyasının sədri Natiq Cəfərli deyib.
O bildirib ki, ı, taarif müharibələrindən ABŞ da uduza bilər: "Əvvəl onu deyim ki, ticarət müharibələrinin qurbanları adi alıcılar olur. Çünki tariflər yüksəldikcə daxili bazarda da qiymətlər artır. Məsələn, ABŞ Çindən gələn məhsulları yaxın zamanda haradansa əvəz edə bilməz. Hətta, bu 2-3 ilə də mümkün deyil. O cümlədən, ABŞ-nin Meksikadan, Kanadadan gələn məhsulları yerli istehsal ilə əvəz etməsi illər alar bilər. Buna görə də, taariflərin artımı ABŞ-da inflyasiyaya ciddi təsir göstərə bilər".
N.Cəfərli hesab edir ki, Trampın əsas istəyi, sadəcə, danışıqlar mövqeyini gücləndirməkdir: "Yəni tarif müharibələri ilə danışıqlarda üstünlük qazanaraq müəyyən güzəştlər qoparmaqdır. Bunun daim belə olacağını düşünmürəm. Bir müddətdən sonra ABŞ danışıqlar vasitəsilə öz istəklərini alandan və yaxud da maraqları təmin edildikdən sonra tariflərə yenidən baxıla bilər. Əgər tariflər tətbiq edilsə, orta statistik ABŞ vətəndaşının eyni məhsullara, obrazlı desək, dünənə qədər xərclədiyi ümumi vəsait ildə 1100 dollar daha çox ola bilər. Bu isə ABŞ seçicisinin xoşuna gəlməyəcək, çünki, Trampın əsas süarlarından biri inflyasiyanı aşağı salmaq idi. İnflyasiyanın artması Trampın populyarlığına ciddi zərbə vura bilər".
Nigar,
Sitat.info