Paytaxtın bəzi küçələrində vətəndaşlar yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr, yəni tramplinlər quraşdırır. Bəzən bu, sürücülərin narazılığına səbəb olur. Məhəllə sakinləri isə tramplinlərin quraşdırılmasının səbəbini avtomobillərin sürətli hərəkəti və qəza şəraiti yaratması ilə əsaslandırırlar.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, sakinlərin bu kimi hallarla bağlı müraciətlərinə bir çox hallarda gec baxılır, ona görə vətəndaşlar özləri seçim edir:
“Məktəblərin, yaşayış evlərinin yanındakı yollarda sürət həddi ilə bağlı məsələyə daha həssas yanaşılmalıdır. Bir çox halda əgər bir ərazidə nəqliyyat vasitələri sıx hərəkət edir, təhlükə yaradırsa, sakinlər çıxış yolunu daha çox özləri tapmağa çalışır. Çünki onlar aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlasa da, şikayətə baxılması və lazımi tədbirlərin görülməsi müəyyən vaxt aparır”.
Ekspert qeyd edib ki, vətəndaşlar yoldakı vəziyyətlə bağlı aidiyyəti dövlət qurumlarını məlumatlandırmalıdır:
“Belə hallarla bağlı vətəndaşlar mütləq qaydada aidiyyəti qurumlara, daha dəqiq desək AAYDA-ya və DYP-yə rəsmi müraciət etməlidir. Daha sonra həmin ərazilərdə tramplinlərin qoyulmasını dövlət orqanları təmin edilir. Amma hər hansı bir yolda özbaşına tramplinlər, sürət maneələri qoymaq olmaz”.
Nazim Hacıyev
Telegram kanalımız