Bu gün dünyanın hər yerində yaşayan çexlər üçün vacib gündür. Yəni 4 fevral tarixi hər il ümumxalq günü kimi qeyd olunur.
Hafta.az-ın yzdığına görə, hazırda Çexiyanın Xarici İşlər Nazirliyi ölkənin keçmişinin və bu gününün formalaşmasında çex icmalarının rolunu vurğulamaq və öz vətənləri ilə daha möhkəm bağlar yaratmaq üçün 4 fevral tarixini “Xaricdəki Çexlər Günü” elan etməyə hazırlaşır və rəsmi qərar elan olunduqdan sonra Çexiyada bayram günlərinin sayı 15-dən 16-ya yüksələcək.
XİN-in qərarına görə, 4 fevral rəsmi bayram olsa da, qeyri-iş günü olmayacaq.
Nazirlik məhz bu tarixin seçilməsinə çex əsilli əcnəbilər arasında təşkil etdiyi, ötən il iyulun 1-də başlayıb sentyabrın 30-da başa çatmış ictimai sorğu əsasında qərar verib. Bu, filosof və pedaqoq Yan Amos Komeniusun 1628-ci ildə ölkədən getməyə məcbur edildiyi gündür. Qeyd olunur ki, Komenius məhz bu gün Polşa ərazisinə keçib və bir daha geri qayıtmayıb.
Nazirlik Çexiya təqvimində “Xaricdə Çexlər Günü”nün əlamətdar tarix kimi təsis edilməsi prosesinə başlayıb. Ən əsası, bu təklif hökumət tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, təxminən 2,5 milyon çex əsilli insan xaricdə yaşayır. Onların yarıdan çoxu ABŞ vətəndaşıdır. Kanada və Argentinada da böyük icmalar var. Avropada çexlər Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Fransa, İtaliya və əlbəttə ki, Slovakiyada yaşayır. Xorvatiya, Rumıniya və Ukraynadakı icmalar Çexiya ilə möhkəm əlaqələr saxlayır. Son on ildə xaricdə Çexiya məktəblərinin sayı yüzə çatıb.
Yeni bayramın ideyası çexlərin vaxtilə ölkəni tərk etmiş soydaşları ilə əlaqəsini gücləndirmək, onların hazırda danışdıqları çex dilini və çex mədəniyyətini qorumaq istəyini dəstəkləməkdir.
Xatırladaq ki, bu, son illər elan edilən ikinci əlamətdar gün olacaq. 2019-cu ilin sonunda 21 avqust tarixi rəsmi şəkildə, 1968-ci ildə Çexoslovakiyanın Varşava Müqaviləsi Təşkilatının (keçmiş SSRİ-nin) qoşunları tərəfindən işğalı və və həmin dövrdə həlak olanların xatirəsi günü kimi tanınıb.