AZ

GDU-da “Müharibənin gözləri” adlı sənədli filmin bir hissəsi çəkilib

Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə “Vətən TV” Media Şirkəti MMC “Müharibənin gözləri” adlı sənədli filmin çəkilişlərinə başlayıb.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, sənədli filmin qəhrəmanlarından biri 2020-ci il oktyabrın 4-də işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə endirdiyi raket zərbəsi nəticəsində gözlərini itirən Pərvin Qasımovadır. Bu dəhşətli hadisə baş verəndə Pərvinin 26 yaşı var idi. Pərvin Qasımova 2014-2018-ci illərdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin tələbəsi olub. Oxuduğu illərdə professor Şaiq Məmmədov ona təsviri incəsənətin sirlərini öyrədib. Sənədli filmin süjet xəttinə görə Pərvin ali təhsil aldığı Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunda Şaiq müəllimlə görüşür. Burada onlar ali təhsil illərindəki xatirələrdən danışırlar.

Sənədli filmin digər qəhrəmanı isə 1991-ci ildə Xocavənd rayonunun Tuğ kəndində anadan olan Qədir Qurbanovdur. O, 1996-cı ildə işğaldan azad olunan Füzuli rayonunun Şıvartı kəndində müvəqqəti məskunlaşır. Qədir erməni işğalından yeni azad olunan həmin kənddə dağılan evlərdən birində oynayarkən, ermənilər tərəfindən quraşdırılan minaya düşür. Nəticədə o, hər iki gözünü və sağ əlini dirsəyinə qədər itirir.

“Müharibənin gözləri” sənədli filmində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində gözlərini itirən iki nəfərin taleyi nümunəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Filmdə vurğulanır ki, zaman və məkan məfhumlarından asılı olmayaraq erməni terrorçuluğunun xisləti, mahiyyəti heç vaxt dəyişmir.

Sənədli filmin ssenari müəllifi Etibar Məmmədov, rejissoru Elşən Zeynallı, operatoru isə Fahir Səmədoğludur.

Seçilən
14
tehsil.biz

1Mənbələr