AZ

Rusdilli kadrlara verilən üstünlüyün əsası varmı?

Şirkətlər işçi qəbul edərkən, bir çox faktorları nəzərə alırlar. Bunlardan biri də xarici dil biliyidir. Bəzi şirkətlər isə rusdillilərin işə qəbul olunmasına daha çox üstünlük verirlər. Bu dil biliyi iş proseslərində lazım olmasa belə, düşünülür ki, rusdillilər daha savadlı, dünyagörüşlü kadr olurlar. Yəni, dil biliyi vacib olmasa da, onların aldığı təhsilin daha üstün olduğunu düşünürlər. Bu yanaşma nə dərəcədə doğrudur?  Rusdilli kadrlar həqiqətən daha güclü kadrlardır?

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov Valyuta.az-a bildirib ki, təhsil fərqi ilə bağlı yanaşmanı doğru hesab etmək olmaz: “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə bağlı olan bütün ümumi təhsil müəssisələrində vahid kurikulum, vahid məzmun xətti, vahid kitablar istifadə olunur. Yəni, rusdilli məktəblərdə, rus bölmələrində oxuyanlar fərqli məzmunla təhsil almırlar, daha fərqli müəllim kontingenti ilə münasibətdə deyillər. Rus bölməsində oxuyan uşaqların hansısa bir qisminin intellektual olması bu sadəcə o ehtimalda ola bilər ki, həmin şəxslər rusdilli mənbələrdən mütaliə edir, rus dilli mənbələr daha çoxdur, rus ədəbiyyatını, rus elm adamlarını oxuyur, rus klassikasını mütaliə edir. Təbii ki, bütün bunlar bir insanın dünyagörüşünə təsir edir. Amma eyni tipdə, eyni xarakterdə biri Azərbaycan bölməsində oxusa, eyni intellektə və dünyagörüşünə sahib ola bilər”. 

“Rus dili intellektin təyinedicisi deyil” 

Q.Məhərrəmov bəzi iş yerlərində hər hansı xarici dilə üstünlük verilməsinin səbəbini izah edib: “Xaricə dilə üstünlük verilməsi bizim ölkəmiz üçün normaldır. Azərbaycanda rus dilində danışan icma, çoxluq var. Cəmiyyətin bir hissəsi var ki, onlar rus dilində ünsiyyət qururlar. Bundan əlavə, ölkəmizdə rusdilli xalqlar var. Daha geniş müştəri kontingentinə xitab etmək üçün bəzi iş yerləri rus dili biliyini üstünlük kimi qəbul edə bilər. Bu kimi hallar başa düşüləndir. Bir çox yerlərdə xaric dil biliyinə üstünlük verilir. Çünki xarici dil biləndə insanın axtarış, öyrənmə qabiliyyəti artır. Amma bu o demək deyil ki, rus mətəblərində oxuyan uşaqlar daha savadlıdır. Bu çox yanlış düşüncədir. Savadlı, dünyagörüşlü olmaq Azərbaycan məktəbində də, rus məktəbində də, ingilis məktəbində də  mümkündür”. 

“Xaricə ezam məsələlərində daha rahat olurlar”

İnsan resursları üzrə mütəxəssis Rufanə Qasımova  deyir ki, rusdilli kadrlara üstünlük verilməsinin səbəblərinə fərqli prizmadan baxmaq olar: “Bunun daha çox IQ ilə deyil, böyümə şərtləri ilə bağlı olduğunu düşünürəm. Məsələn, rusdilli olanlar daha müasir baxışa malikdir, xaricə ezam məsələlərində daha rahat olurlar, çünki ailə də müasir yanaşmaya sahib olur və qatı yanaşmırlar. Azərbaycan dilində təhsil alanların isə bir qismi bu kimi məsələlərə fərqli (əksi) yanaşır. Onlarla işləmək, bir çox işəgötürən üçün daha rahatdır, xüsusilə ezam kimi məsələlərdə rusdilli işçilər həm daha inkişafa meyilli, həm də daha müasir və geniş baxış bucağına sahibdirlər”.

“Dil biliyi bazarın tələbidir”

R.Qasımova bazar tələbində xarici dilin əhəmiyyətindən bəhs edib: “Bazar tələblərinə uyğunlaşmaq üçün əksər hallarda bu dili bilən işçilərə üstünlük verilir. Nəzərə alsaq ki, Azərbaycan çoxmillətli və beynəlxalq əlaqələri geniş ölkədir və bu amil dil biliyini bazarın tələbinə çevirir. Xüsusilə, müştəri xidməti, satış və beynəlxalq ticarət sahələrində rus dili xarici dil biliyi kimi vacib rol oynayır. Bundan əlavə, daxili kommunikasiya faktoruna görə bəzi şirkətlərdə rəhbərlik və yaxud əsas işçi heyəti rus dilli olduğu üçün daxili ünsiyyəti asanlaşdırmaq məqsədilə rus dilində danışa bilən namizədlərə üstünlük verirlər. Bir çox rusdilli namizədin daha geniş ədəbiyyata çıxışı olduğu üçün fərqli sahələrdə daha yaxşı biliklər əldə edə bilir. Bu da onların iş bazarında daha rəqabətqabiliyyətli olmasına səbəb olur”.

R.Qasımova bildirib ki, keçmişə dayanan iqtisadi bağlar səbəbindən sovet dövründən qalan təsirlər bu mövzuda da öz təsirini göstərir: “Xüsusilə, köhnə nəsil rəhbərlər rus dilini daha yaxşı başa düşdüyü üçün iş mühitində bu dilə üstünlük verirlər”.

Sərvanə Rəmixanova

Seçilən
14
valyuta.az

1Mənbələr