Trans-Anadolu qaz kəməri (TANAP) işə salınandan (2018-ci ilin iyun ayının 30-dan) onun vasitəsi ilə Cənub Qaz Dəhlizi çərçivəsində Türkiyə və Avropaya 75 mlrd. kubmetr Azərbaycan qazı nəql edilib.
Bu barədə "APA-Economics" TANAP konsorsiumuna istinadən xəbər verir.
“Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan TANAP ilk kommersiya qazının nəqlindən sonra 75 mlrd. kubmetrə çatıb”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə (maksimum ötürmə gücü – 31 mlrd. kubmetr), digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə 2020 ilin dekabrın 31-də başlanılıb.