İngiltərənin “Nyukasl” klubunun mərkəz müdafiəçisi Lloyd Kelli bundan sonra karyerasını “Yuventus”da davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Turin təmsilçisi 26 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Yarım mövsümlük icarə üçün 3,8 milyon avro ödəyəcək “Yuventus”un futbolçunun transfer hüquqlarını alması üçün daha 17,2 milyon avro ödəməsi lazım gələcək.
Lloyd Kelli “Bristol Siti”nin yetirməsidir. “Bornmut”un da formasını geyinmiş 26 yaşlı ingilis futbolçu “Nyukasl”a 2024-cü ilin iyulunda azad agent kimi qoşulmuşdu. Onun bu klubla 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur. Kelli “Nyukasl”da 14 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Kelli İngiltərənin U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt etməyib.
“Yuventus”un mərkəz yarımmüdafiəçisi Nikolo Facoli isə “Fiorentina”ya keçib. Florensiya klubu 23 yaşlı italiyalı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Fiorentina” yarım mövsümlük icarə üçün “Yuventus”a 2,5 milyon avro ödəyib.
Nikolo Facoli “Pyaçentsa”, “Kremoneze” və “Yuventus” klublarında yetişib. Nikolo 2021-ci ilin yanvarından turinlilərin əsas komandasında çıxış edir. 2021/2022 mövsümünü Facoli “Kremoneze”də icarədə keçirərək, yenidən “qoca sinyora”nın düşərgəsinə qayıdıb.
Cari mövsümdə Facoli “byankoneri”nin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Nikolo Turin təmsilçisinin heyətində ümumilikə 69 oyun keçirib, 3 qola və 8 məhsuldar ötürməyə imza atıb.
Facoli 2022-ci ilin noyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Nyukasl”da daha 2 ayrılıq
Lloyd Kellini “Yuventus”a göndərən “Nyukasl” daha iki futbolçusu ilə vidalaşıb. İngiltərə klubu sağ vingeri Migel Almironu ABŞ təmsilçisi “Atlanta Yunayted”ə satıb. Premyer Liqa təmsilçisi bu keçiddən 9,53 milyon avro qazanıb. Almiron isə MLS klubu ilə 2027-ci ilin 31 dekabrına kimi anlaşıb.
Migel Almiron Paraqvayın “Serro Porteno” klubunun yetirməsidir. “Lanus”da da oynamış paraqvaylı vinger “Nyukasl”a 2019-cu ildə elə “Atlanta Yunayted”dən 24 milyon avro müqabilində keçmişdi. O, Premyer Liqa təmsilçisinin heyətində 223 oyuna 30 qol vurub, 12 məhsuldar ötürmə verib. Almiron 2015-ci ilin sentyabrında debüt etdiyi Paraqvay yığmasında 64 oyun keçirib, 8 qol vurub, 5 assist müəllifi olub.
“Nyukasl”ın mərkəz müdafiəçisi Ayzak Heyden isə “Portsmut”a keçib. 29 yaşlı ingilis futbolçu cari mövsümün sonunadək icarədə olacaq.
“Arsenal”ın yetirməsi olan Heyden “Hall Siti”, “Norviç Siti”, “Standard” (Lyej), KPR kimi klubların da şərəfini qoruyub. Təcrübəli müdafiəçi “Nyuklasl”da 171 oyuna çıxıb, 7 qol və 10 məhsuldar ötürmə müəllifi olub.