Kvaratsxeliyanı PSJ-yə göndərən ''Napoli'' sol vinger mövqeyini məhz bu futbolçu ilə gücləndirmək niyyətində idi. Amma Avropada ''transfer pəncərəsi'' fevralın 3-də bağlandığından neapolluların vaxtı çox az idi. Bu transferin qarşısında duran bəzi maneələr var idi. Birincisi, ''Fənər'' mövsümün əvvəlində ''Əl-Əhli''yə ödədiyi kirayə haqqının, yəni 8 milyon avronun yarısını geri tələb edirdi. Ərəblər həm ''Fənər''in şərtini qəbul etməli, həm də tələb olunan sənədləri vaxtında İtaliyaya göndərməli idi. Amma ''Əl-Əhli'' çox ağır tərpənərək bu transferdə maraqlı olmadığını göstərdi. Ona görə də ''Napoli'' Sen-Maksimendən vaz keçməli oldu.
Əslində bu transfer İstanbul nəhənginə də sərf edirdi. Çünki komanda həm bu futbolçunun maaş yükündən qurtulacaq, həm də legioner limitində bir yer açılacaqdı. Türkiyə futbol tarixinin ən bahalı icarə oyunçusu olan 27 yaşlı Sen-Maksimen zatən ümidləri tam olaraq doğrultmurdu. O, ''Fənərbaxça'' forması ilə bu günə qədər iştirak etdiyi 24 qarşılaşmada aktivinə 3 qol, 4 məhsuldar ötürmə yazıb. Amma fransalı vinger mövsümün sonuna qədər ''Fənər''də qalası oldu.
Bu arada Sen-Maksimen son yaşanan olaylarla bağlı diqqətçəkən bir paylaşım edərək bunları yazıb:
"Çox təşəkkür edirəm. Mesajlarınızın hamısını oxudum. Sizə ürəkdən təşəkkür edirəm və bu dəstəyinizi heç vaxt unutmayacam. Bunu sadəcə söz xətrinə demirəm. Mən də sizi çox sevirəm. Son vaxtlar mənim üçün hər şeyin asan keçdiyini söyləsəm, yalan demiş olaram. Anlamadığım bəzi şeylər var. Atamın xəstəliyi kimi bəzi məqamlar ictimaiyyətə düzgün çatdırılmır. Bu yaxınlarda özüm sizə hər şeyi açıqlayacam. Yalan artıq dünyanın yarısını dolaşmışkən həqiqət hələ ayaqqabılarını geyinir. Ancaq meydandan kənarda nə olursa olsun, mən sizin üçün savaşmaqda davam edəcəm. Nankor insan deyiləm. Məni özünüzdən biri olaraq gördüyünüz üçün təşəkkür edirəm''.
ƏLİ